Con Kerri Türkiyəni ifrata varmamağa çağırır

Bazar ertəsi ABŞ dövlət katibi Con Kerri Türkiyədə çevriliş cəhdinin səbəbkarlarının məsuliyyətə cəlb olunmasını dəstəklədiyini bildirib, ancaq o, höküməti ölkədə asayişi bərpa edərkən “ifrat tədbirlərə əl atmamağa” çağırıb.

“Biz Türkiyədə seçilmiş hökümətin yanındayıq,” deyə Kerri Brüsseldə Avropa İttifaqı həmkarları ilə görüşündən sonra keçirilən konfransda bildirib. “Biz Türkiyə hökümətini ölkədə sakitlik və sabitliyi qoruyub saxlamağa çağırırıq”- deyə dövlət katibi Kerri əlavə edib.

“Biz həmçinin Türkiyə hökümətini ölkədəki demokratik təsisatları və qanunun aliliyinə yüksək səviyyədə ehtiram bəsləməyə çağırırıq”- deyə o bildirib.

Dövlət tərəfindən idarə olunan Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, çevriliş cəhdindən sonra 8 min 777 zabit vəzifələrindən uzaqlaşdırılıb, ədliyyə və ordunun 6 min üzvü həbs edilib. Bu hal dünya liderlərinin Türkiyəyə konstitusiya nizamına zərər vuracaq addımlar atmaması barədə xəbərdarlıq etməsinə səbəb olub.

Avropa İttifaqının xarici siyasət idarəsinin sədri Federika Mogerini “ölkə naminə qanunun aliliyinin qorunmalı olduğunu” deyib. O bu şərhi bazar ertəsi Avropa İttifaqı xarici işlər nazirləri ilə görüşəndən sonra verib.

Təqiblər davam edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni çevriliş cəhdində iştirak edən insanlardan qurtaracağına söz verib. “Hökümətin hər səviyyəsində virusdan təmizlənmə prosesi davam edəcək”-deyə Ərdoğan bildirib. “Xərçəng virusu kimi bu virus da bütün hökümətə yayılıb”- deyə o əlavə edib.

Dövlət mətbuatı Ərdoğanın bir müşavirinin də həbs olunduğunu, Ərdoğanın baş hərbi müşaviri polkovnik Ali Yazıcıya həbs qərarı çıxarıldığı barədə məlumat verib. Yazıcının uğursuz nəticələnən çevriliş cəhdində hər hansı bir rol oynadığı məlum deyil.

Ədliyyə naziri Bekir Bozdağ deyib ki, Türkiyə dövlət orqanları insanların həbsini sürətləndirir. Həbs olunanların sırasına Üçüncü Ordu Korpusunun komandiri general Erdal Öztürk daxildir. O, dövlətə xəyanət itthamları ilə üzləşə bilər.

Digər yüksək vəzifəli hərbi rəsmilər helikopter vasitəsilə qonşu Yunanıstana keçib və orada siyasi sığınacaq tələb edib. Türkiyə mətbuatı çevriliş cəhdinin arxasında qaçan ordu rəsmilərinin durduğu barədə xəbər verir.

Dəfn mərasimləri

Bazar günü minlərlə insan İstanbul və Ankarada çevriliş cəhdi zamanı ölənlərin dəfn mərasimlərində iştirak edib. Türkiyənin 85 min məscidində ölənlərin xatirəsini yad etmək üçün gündüz vaxtı eyni anda azan oxunub.

Ərdoğan cümə günü İstanbulda Boğaz körpüsündə əsgərlərin etirazçılara atəş açması nəticəsində ölən baş kampaniya meneceri və onun yeniyetmə oğlunun dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib.

Qarşıdurmalarda ölənlərin sayı barədə məlumat dəqiq deyil. Amma bazar günü artıq çoxu mülki vətəndaşlar olmaqla, 265 nəfərin öldürüldüyü bildirilir.

İstanbul, Ankara və bəzi regionlarda vəziyyət gərgin olaraq qalır.

ABŞ-ın hərbi əməliyyatları

Bazar günü Türkiyə hava hövzəsini hərbi təyyarələrə açıb və beləliklə ABŞ-ın başçılıq etdiyi koalisiya İslam Dövləti yaraqlılarına qarşı hava əməliyyatlarını bərpa edib.

Türkiyə çevriliş cəhdindən sonra hava bazalarını bağlamışdı.

NATO üzvü və ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupunu məğlub etmək səylərində əsas müttəfiq olan Türkiyə Amerika təyyarələrinin qonşu Suriya və İraqdakı ekstremistlərə qarşı missiyalarını davam etdirmək üçün İncirlik hərbi bazasından istifadə etməsinə icazə verib.