Con Kerri: Suriyada hərbi mövcudluğunu artırması ilə bağlı Rusiya ilə danışıqlar keçiriləcək

ABŞ dövlət katibi Rusiyanın Suriyaya qüvvə göndərilə biləcəyini bəyan etməsindən sonra deyib

ABŞ dövlət katibi Rusiyanın Suriyada hərbi mövcudluğunu artırması ilə bağlı o ölkə ilə birbaşa danışıqlar keçiriləcəyini bildirib.

Con Kerri deyib ki, Barak Obama Moskva ilə müzakirələrin əhəmiyyəti və müttəfiqləri ilə bərabər ağırlaşmaqda olan Suriya, habelə Avropanı bürüyən qaçqın böhranının həll edilməsinin vacibliyinə inanır.

Kerri bunları Rusiyanın Suriya tələb etdiyi təqdirdə o ölkəyə qüvvə göndərilə biləcəyini bəyan etməsindən sonra deyib.

Kremlin sözçüsü belə bir tələbin nəzərdən keçiriləcəyini bildirib.

Eyni zamanda ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Suriya barədə konstruktiv müzakirələr keçirdiyini deyib.

Karter and Şoyqu Rusiya və ABŞ-ın üst-üstə düşən perspektivləri və fikir ayrılıqları ilə bağlı təmas saxlanılmasına razılıq verib.

Pentaqonun rəhbəri Suriyada İŞİD-in məğlubiyyətinin əsas prioritet olduğunu bildirib. Lakin o, bu məqsədə siyasi keçid yolu ilə nail olunmasının vacibliyini vurğulayıb.

ABŞ üçün bu keçid Əsədin hakimiyyətdən getməsidir. Rusiya isə Əsədin yaxın müttəfiqidir.

Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında iki ölkənin nazirlərinin İraq və Suriyada vəziyyəti müzakirə və terrorizmlə mübarizə səylərinin koordinasiyalı şəkildə həyata keçirilməsində razılıq əldə etdikləri bildirilib.