ABŞ Dövlət katibi Con Kerri deyib ki, Birləşmiş Ştatlar islamçı prezidenti hakimiyyətdən devirmiş hərbi hökumətə yardımın təxirə salınmasına baxmayaraq, Misirlə dost və tərəfdaş ölkə olaraq qalmağa davam edir.
Con Kerri bu açıqlamaları Misir paytaxtına altı saat sürən səfəri zamanı verib. Qahirədə misirli həmkarı Nabil Fəhmi ilə birgə mətbuat konfransında danışan Con Kerri deyib ki, ABŞ-ın yardımını təxirə salması kiçik məsələdir və cəza xarakteri daşımır. O bildirib ki, ABŞ və Misir arasında münasibətlər Amerikanın yardımının səviyyəsi ilə ölçülməməlidir.
Obama administrasiyası qan tökülməsi və siyasi qeyri-müəyyənliyə görə Misirə hər il ayırdığı 1,3 milyard məbləğində yardımın bir hissəsinin dondurulduğunu keçən ay elan edib. Yardımın dondurulması ilə Misirə Apaçi vertolyotları və F-16 tipli döyüş təyyarələrinin göndərilməsi də təxirə salınıb.
Vaşinqton Misir hərbi qüvvələrini ölkənin demokratik yolla seçilmiş ilk prezidenti olan Məhəmməd Mursini hakimiyyətdən devirmək və son zamanlar baş vermiş zorakıqlılara görə tənqid edib.
Misir liderləri ABŞ-ın tənqidi və yardımı dondurmasını qəzəblə qarşılamış, Xarici İşlər naziri Fəhmi isə keçən ay ABŞ-Misir münasibətlərinin çətin vəziyyətdə olduğunu demişdi. Lakin birgə mətbuat konfransında danışan Nabil Fəhmi ABŞ dövlət katibinin ona münasibətlərin normal məcraya qayıtdığına dair işarələr verdiyini bildirib.
ABŞ Dövlət katibi Misirə hakimiyyətdən iyul ayında devrilmiş prezident Məhəmməd Mursinin məhkəməsinin başlamasından bir gün öncə səfər edib. Məhəmməd Mursiyə qarşı dekabr ayında prezident sarayı qarşısında nümayiş keçirən etirazçıların qətlinə təhrik etmək ittihamı irəli sürülüb.
Misir Con Kerrinin Yaxın Şərq və Avropa ölkələrinə doqquz günlük səfərinin ilk dayanacağıdır.