Con Kerri: Barak Obamanın İslam Dövləti ilə mübarizə imkanları artırılmalıdır

ABŞ dövlət katibi Con Kerri bildirib ki, Konqres hərbi əməliyyatlara dair planı təsdiq edərkən Barak Obamanın İslam Dövləti ilə mübarizə imkanlarını artırmalıdır.

İraq və Suriyada qrupa qarşı hava əməliyyatlarının aparılmasına baxmayaraq, hərbi qüvvələrdən istifadə planı hələ də təsdiq edilməyib.

Con Kerri Senatın Xarici Əlaqələr Komitəsindəki çıxışı zamanı plana ehtiyac olduğunu vurğulayıb. “Mən burada administrasiya adından planın təsdiqini istəyirəm”.

Bu tələb komitənin sədri Robert Menendezin kəskin cavabı ilə qarşılanıb. “Məşhur bir film var. “Pulları göstər“. Mənə administrasiyanın planla bağlı fikrini göstər”.

Menendez 3 illik plan təklif edir. Bu planda ABŞ-ın quru qüvvələrindən istifadə rədd edilir. O, amerikalıların sonsuz bir müharibəni dəstəkləmədiyini bilirib. “Onlar bizim İraqı illərlə işğalda saxlamağımızı istəmir. Mənim nəzərimcə, İraqa yenidən quru qüvvələri göndərilməsi hər şeyin yenidən başlanması olacaq”.

Con Kerri Menendezin təklifni alqışlasa da, prezident Obamanın imkanlarının artırılmasını önə çəkib. Dövlət katibi deyib ki, prezident də quru qüvvələrdən istifadə edilməsinin əleyhinədir. Amma…“Biz baş komandanın əvvəlcədən təxmin edə bilmədiyimiz nəticələrə görə əllərini bağlaya bilmərik.”

Senat bu gün planı səsverməyə çıxarmalıdır. Amma səsvermə təxirə salına bilər. Konqresin tam dəstəyi isə hələ mümkün görünmür. Bunu respublikaçı senator Bob Korker deyir. “Nümayəndələr Palatası və Senatda plan təsdiq edilməyəcək. Demək istəyirəm ki, bu kimi planların təsdiqi ölkəmizi zəiflədir. Buna görə planı təsdiq etməyəcəyik”.

İŞİD-ə qarşı mübarizəyə hər iki partiya ciddi dəstək versə də, nə administrasiya, nə də siyasi parçalanmaya məruz qaln Senat hərbi qüvvələrin mübarizəyə cəlb edilməsinə razılaşmayacaq. Siyasi təhlilçi Stuart Rotenberq belə düşünür. "Bu, mürəkkəb bir məsələdir. Buna dair heç kimin strategiyası yoxdur".

2001-ci il terror aksiyalarından sonra Konqres tərəfindən Əl-Qaidəyə qarşı mübarizəyə səlahiyyət verilmişdi. Dövlət katibi İslam Dövlətinin də Əl-Qaidə qədər təhlükəli olduğunu deyərək, səlahiyyətlərin yeniləşdirmə vaxtı olduğunu bildirir. Bu isə yanvarda işinə başlayacaq növbəti Konqresin öhdəsinə düşür.