Con Kerri: ABŞ İraqa əsgəri qüvvə göndərməyəcək

ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların İraq hökumətinin Ənbər vilayətində Əl-Qaidə yaraqlılarına qarşı mübarizəsini dəstəklədiyini bildirib. Lakin o, ABŞ-ın İraqa əsgəri qüvvə göndərməyəcəyini Əl-Qaidəyə qarşı İraq hökumətinin özünün mübarizə aparmalı olduğunu bildirib.

Con Kerri bu açıqlamaları İsrail və fələstinlilər arasında sülh danışıqlarının canlandırılması səylərini müzakirə etmək üçün Qüdsdən İordaniyaya və Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl verib. Bir neçə gündür Yaxın Şərqdə səfərdə olan ABŞ Dövlət katibi Fələstinlilərin prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb.

Con Kerri Yaxın Şərq sülh prosesi istiqamətində inkişafın olduğunu deyib, lakin əlavə edib ki, hələ görüləsi işlər çoxdur. O, İsrail və Fələstin liderlərinin yaxın zamanda çərçivə razılığını əldə edəcəyi ilə bağlı ümidini ifadə edib.

AŞB Dövlət katibinin İsrailin baş naziri ilə danışıqları davam etdirmək üçün yenidən Qüdsə qayıdacağı gözlənilir.