Con Kerrinin Mərkəzi Asiyaya rəsmi səfəri davam edir

ABŞ dövlət katibi Con Kerri Mərkəzi Asiyaya dörd günlük rəsmi səfərinin üçüncü günü Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.

Prezident Nazarbayev Qazaxıstanın suverenliyi və iqtisadi inkişafında ABŞ-ın daimi dəstəyinə görə təşəkkür edib.

Regionda təhlükəsizlik və iqtisadi əlaqələri möhkəmləndirməyə ümid edən Kerri bazar ertəsi Qazaxıstanın xarici işlər naziri Erlan İdrissovla da görüş keçirib.

Bazar günü Özbəkistanda olan Kerri sabiq Sovet İttifaqına daxil respublikalar olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderləri ilə görüşüb.

Tərəflər Talibanın Əfqanıstanda möhkəmlənməsi və vətəndaşlarının terrorçu təşkilatlara qoşulmalarına dair narahatlıqlarını ifadə edib.

Kerri bu narahatlıqlar barədə qədim İpək Yolu şəhəri olan Səmərqənddə danışıb.

Bazar günü səhər Kerri Özbəkistan prezidenti İslam Kərimovla görüşüb. Təkhakimiyyətli idarəçiliyinə görə insan haqları qrupları tərəfindən tez-tez tənqid edilən liderlə ABŞ rəsmisinin yüksək səviyyədə görüşü nadir haldır.

Şənbə günü Qırğızıstana səfər edən dövlət katibinin Tacikistan və Türkmənistana səfərləri də nəzərdə tutulub.