Keri Kavano: Bayden administrasiyasının Cənubi Qafqaz və Dağlıq Qarabağda vəziyyətə diqqət verəcəyini gözləmək olar

Your browser doesn’t support HTML5

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Amerikanın Səsinə müsahibədə Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın əldə edilməsindən sonra Dağlıq Qarabağda durum, Rusiya sülhməramlıların missiyası, Minsk Qrupunun rolu və ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqazda siyasətindən gözləntiləri şərh edib.

Amerikanın Səsi: Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə edilməsindən üç aydan çox vaxt keçdi. Sülh prosesində birbaşa iştirak edən bir şəxs kimi mövcud vəziyyət barədə nə deyə bilərsiniz?

Keri Kavano: Bilirsiniz ki, ABŞ-da prezidentlərlə bağlı biz ilk 100 günə baxırıq. Bu həftə atəşkəsin əldə edilməsindən 100 gün keçir. Düşünürəm ki, bir neçə şey vacibdir, amma bunlardan biri odur ki, Bakıdan davamlı mesaj verilir ki, müharibə bitib, başa çatıb və həll olunub. Fikrimcə, dünyanın qalan hissəsi üçün sınaq budur ki, həll olmayıb. Yenidən bir atəşkəs var. Döyüşlər dayandırılıb. Müddəalar noyabr ayında əldə edilmiş atəşkəs razılaşmasında yer alıb. Razılaşma sülh müqaviləsinin bir hissəsi olaraq müzakirə olunan bəzi elementləri əhatə edir, lakin bu, real bir sülh müqaviləsi deyil. Beləliklə, sülh sazişinin necə hazırlanması kimi hələ çox böyük və həll olunmamış bir sual durur. Qarabağda yaşayan insanların satutusu necə olacaq? Orada uzun müddət üçün həyat necə görünür? Düşünürəm ki, bunlar üzərində danışıqlar masası ətrafında işlənilməlidir.

Bunlara fikrimcə, getdikcə çətinləşən logistik problemlər də əlavə olunur. Bunlardan ən əsası mən hesab edirəm ki, regiona humanitar girişdir. Bakı uzun müddət insanların Bakıdan icazə almadan Qarabağa getməsini istəmirdi. Bu, davam edir. Hazırda bölgəyə gələn ziyarətçilərlə bağlı arxayınlıq üçün Rusiya sülhməramlılarından icazə almaq üçün rejim mövcuddur. Bölgəyə səfər etmək üçün potensial olaraq yerli hakimiyyət orqanları və ya Yerevandan icazə alınmasına ehtiyacla bağlı sual yaranır. Bu da həm BMT və Qırmızı Xaç kimi beynəlxalq təşkilatlar, həm də hər iki tərəfdə insanlara kömək edən qeyri-hökumət təşkilatları tərəfindən yardım göstərilməsi səylərinin məhdudlaşdırılmasına gətirib çıxarıb. Düşünürəm ki, bu, xüsusilə də bu yaxınlarda mülki şəxslərin və hərbçilərin cəlb olunduğu son gərgin konfliktdən sonra çox vacibdir və bu məsələ həll olunmalıdır və bu, yalnız Qarabağ deyil, həm də Qarabağ ətrafında və Azərbaycanın müharibə dövründə şəhərlərin raket atəşinə tutulduğu ərazilərinə getmək imkanı deməkdir. Bu, logistik, humanitar problemdir ki, hər gün böyüyür.

Daha bir məsələ isə siyasi-humanitar problemdir. Bu, hərbi əsirlər və itkin düşənlərlə bağlı məsəlinin həll edilməsini və nəşlərin qaytarılmasını əhatə edir. Mümkün itkin düşmüş və ya əsir götürülənlərin sayı 60-dan bir neçə yüzə qədər ola bilər. Atəşkəsdən 100 gün sonra və bu atəşkəs hər iki tərəf, Ermənistan və Azərbaycan rəhbərlikləri tərəfindən razılaşdırılıb, Moskvanın vasitəçiliyi ilə, Minsk qrupunun həmsədrləri olan Fransa və ABŞ-ın dəstəyi ilə Moskva tərəfindən dəstəklənib, bu məsələ çoxdan həll edilməli idi. Düşünürəm ki, bu, daha da irəliləmək üçün yekun sülh sazişi üzərində işləmək bir tərəfə, atəşkəsə tərəfdar olsalar da, tərəflər arasında ehtiyac duyulan etimadın yaradılmasını çətinləşdirir. Buna görə də məhz bu sahələrin daha çox narahatlıq doğurduğunu görürəm. Bu, problemi həll etmək, humanitar giriş imkanı əldə etmək və atəşkəsin bütün problemi həll etmədiyini qəbul etməkdir.

Amerikanın Səsi: Razılaşmanın şərtlərinə görə, Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilib. Minsk Qrupunda danışıqlar zamanı bölgəyə beynəlxalq qüvvələrin yerləşdirilməsinin mümkünlüyü bildirildiyi kimi müzakirə edilib. Regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinin perspektivləri barədə nə söyləyə bilərsiniz?

Keri Kavano: On illərdir ki, hər iki tərəfin dəstəklədiyi barışıq, kompromis həll yolunun əldə edildiyi halda, burada insanların yerini dəyişməsi, müxtəlif regionlara nəzarətə görə məsuliyyətin dəyişməsi və bunun ən yaxşı yolunun beynəlxalq himayə altında olması və bu prosesin baş tutması üçün ya silahsız, lazım gələrsə, bəlkə də yüngül silahlı sülhməramlı qüvvələrə ehtiyacla bağlı müzakirələr aparılıb. Bizim nəzərdən keçirdiyimiz planlar həmişə çox sürətli hərəkət etmək, məhdud müddət və dediyim kimi bəlkə də silahsız qüvvə üzərində qurulurdu. Əslində Ki Vest görüşündən öncə apardığımız söhbətlər zamanı bunları müzakirə etdikdə həmsədrlər arasında o zaman razılığa gəldik ki, bu qüvvələrin tərkibi vaxtında müəyyən ediləcək və buraya həmsədr ölkələr olan Rusiya, Fransa və ABŞ, ya da qonşu ölkələr olan Türkiyə, İran və Gürcüstandan nümayəndələr daxil edilməməlidir, çünki onlar ümumi mənzərəni mürəkkəbləşdirə bilər. Və bu mövqe noyabrın 9-u razılaşmasına qədər qalırdı. Düşünürəm ki, noyabrın 9-da tərəflərin sülh razılaşması bir tərəfə, atəşkəslə bağlı razılığın əldə edilməsində çətinlik çəkdiyini gördük. Moskvada atəşkəsə nail olmağa çalışdılar, amma bunun nəticəsi olmadı. Sonra Parisdə çalışdılar. Hər iki xarici işlər naziri Vaşinqtona gəldi. ABŞ çalışdı. Bunların heç biri nəticə vermədi. Sonda Rusiya hər iki tərəfin atəşkəsə razılıq verməsinə nail oldu. Fikrimcə, həmin anda atəşkəsin əldə olunmasının Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi bahasına başa gəldiyi aydın oldu. Mən düşünmürəm ki, onlar həqiqətən də bunu etmək istəyirdi. Zənnimcə, onlar bunun silahlı sülhməramlılar olmadan həyata keçirilməsini çox istəyirdi və orada qısa müddətdə olmalarını istəyirdi. Amma noyabrın 9-u razılaşması ilə təxminən 2000 nəfərlik silahlanmış və ən azı beş il müddətində sülhməramlı qüvvələrin yerləşdirildiyini gördük. Bu, sülh danışıqları zamanı nəzərdən keçiriləndən daha uzun müddətdir.

Amerikanın Səsi: Regionda Rusiyanın uzunmüddətli hərbi mövcudluğu ilə bağlı risklər varmı?

Keri Kavano: Mən hesab edirəm ki, əlbəttə var. Fikrimcə, Rusiyada daxili dəstəyin olmaması kimi siyasi risk var ki, `bizim oğlanlarımız nə üçün oradadır, onlar nəyə orada orada olmalıdır?` Bu təhlükə var. Keçmiş təcrübədən bilirik ki, əvvəlki atəşkəslər dövründə hər iki tərəf 1994, 2016 və 2020-ci ildə yayda atəşkəsə razı oldu. Lakin həmişə atəşkəsin pozulması halları olub və insanlar təmas xəttində mütəmadi olaraq atəşə tutulub. Kiçik silahlar, artilleriya atəşlərii demək olar ki, hər gün baş verirdi. Rusiyanın tərəflər arasında 2000 əsgər yerləşdirməsi ilə onların bəzisinin öldürülməsi təhlükəsi var və onlar öldürüldüyü təqdirdə Moskvada siyasi reaksiyanın necə olacağını bilmirəm.

Əvvəllər də tez-tez baş verdiyi kimi, atəşkəsin hansı tərəfdən pozulduğuu müəyyənləşdirmək çox çətin ola bilər. Silahdan atəş açılsa, bunun Kalaşnikov avtomatı olması və güllələrin Rusiyada istehsal edilməsi ehtimalı yüksəkdir. Hansı tərəfdən atəş açılıb? Kim bilir? Bunun bir təhlükə olduğunu düşünürəm. Hesab edirəm ki, Moskva sabitliyi mümkün qədər qorumaq və daha davamlı sülhə və daha sabit bir bölgəyə necə nail olmaq məsələsini nəzərdən keçirmək istəyir. Mən bilirəm ki, razılaşmanın özündə Minsk Qrupunun rolunun davam etdirilməsinə toxunulub. Mən həmçinin bilirəm ki, razılaşmada müharibə və potensial zorakı fəaliyyətlərə meyllərin azaldılması və daha məhsuldar iqtisadi fəaliyyətə keçilməsi üçün regionda iqtisadi əlaqələrin möhkəmləndirilməsi barədə müzakirələr nəzərdə tutulur. Düşünürəm ki, Rusiya siyasi cəbhədə buna ümid edir. İqtisadi sahədə isə detalları müəyyən etmək, tərəflər arasında daha yaxşı atmosfer yaratmaq ki, birlikdə barışıq içində yaşamaq istəsinlər. Mən hesab edirəm ki, buna çalışırlar. Amma bu dövrdə sülhməramlılarla nə baş verə biləcəyi ilə bağlı təhlükə var.

Amerikanın Səsi:​ Minsk Qrupunun prosesdə rolu nədən ibarət ola bilər? Əslində, Minsk Qrupunun hansısa rolu varmı?

Kerri Kavano: Var və həmişə olub. Diplomatiyanın bir çox rolu var. Bəzən Minsk Qrupunun rolu danışıqlarda daha çox inkişafın olmamasında tərəflərin günahlandırılmasına imkan verməkdən ibarət olub, lakin onun əsas rolu hər zaman tərəflərin qəbul edə biləcəyi həll yolu tapılması üzərində işləməkdən ibarətdir. Minsk Qrupunun rolu heç vaxt həll yolunu hazırlayıb, tərəfləri bunu qəbul etməyə məcbur etmək olmayıb. Bu, tərəflərin özündən gəlməlidir və düşünürəm ki, bu, belə də qalır. Ermənistan lideri və Azərbaycan lideri üçün sadəcə bir razılaşmanı hazırlamaq asan deyil. O, beynəlxalq standartlara uyğun olmalıdır. Bunun işləməsi üçün xarici dəstəyə ehtiyac var və Minsk Qrupu həm beynəlxalq standartların başa düşülməsi, həm də Rusiya və ABŞ-ın dəstəyindən tutmuş, Fransa, Avropa İttifaqının iqtisadi yardımına qədər bu dəstəyi həyata keçirən mexanizmləri təmin edir, bütün bunlarda dəyərli rol oynayır. Fikrimcə, ATƏT də eyni dərəcədə.

Amerikanın Səsi: Bayden administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqazda siyasətindən gözləntilər nədən ibarətdir? ABŞ-ın regionda daha çox iştirakını görə bilərikmi?

Kerri Kavano: Məncə, bilərik. Düşünürəm ki, prezident Bayden bunu açıq şəkildə bildirib. Onun xarici liderlə ilk telefon söhbətinin əslində prezident Putinlə olduğunu və Dağlıq Qarabağda vəziyyətə toxunulduğunu gördük. Yəni şübhəsiz ki, onun radarındadır. Fikrimcə, o, roluna regionu başa düşərək daxil olur və bu bölgə ilə bağlı müyyən qərəzi yoxdur. Fikrimcə, prezident Tramp regionu yaxşı tanımırdı, amma o, Türkiyə ilə otellərlə bağlı anlaşmada iştirak edirdi. İstanbulda iki Tramp qülləsi var idi. O, Bakıda ailəsinin Tramp qülləsinin inşası ilə bağlı müqaviləsində iştirak edirdi. Onun qızı İvanka bir dəfə buna baxmaq və dizaynında kömək etmək üçün Bakıya getmişdi. Fikrimcə, ​bu onun üçün çətinlik yaradırdı. Üstəlik, o, diplomatiyaya prezident Bayden qədər dəyər vermirdi. Yəni xarici siyasətdə məşğul olduğu bir məsələ idisə, o zaman vacib idi.

Mən hesab edirəm ki, prezident Bayden Senatda uzun müddət çalışdığı üçün xarici siyasət və onun əldə olunması mexanizmlərini daha yaxşı başa düşür və istifadə oluna biləcək imkanların bütün spektrini araşdırmağa hazırlaşır. Bu da hazırda bu səylərə kömək etmək üçün ATƏT-dəki səfirimiz, Bakıda və Yerevanda, eləcə də Moskvadakı səfirlərimizin cəlb olunması ola bilər. Hələlik administrasiya erkən dövrdədir. Bu həftə Vaşinqtonda onun kabinetinə üzvlərin təsdiqi üzərində işləyirik. Senat bu həftə ifadələrin verilməsi üçün hər gün bir neçə namizədi nəzərdən keçirir və komitədə səsvermə keçirir. ATƏT-ə yeni səfir təsdiq edilənə qədər bir az vaxt lazımdır. Lakin mən ümid edirəm ki, bu, məsələn, nəinki Cənubi Qafqaz, həm də keçmiş Sovet İttifaqı və Şərqi Avropa regionunu yaxşı bilən bir nəfər olacaq. Həll edilməsi lazım olan bir çox məsələ var. Qarabağda vəziyyət yeganə münaqişə deyil. Gürcüstan və Dnestryanı regionda vəziyyət, Ukraynada problemləri görürük. Düşünürəm ki, bütün bu cəbhələrdə diplomatik qaydada daha aktiv bir siyasət görəcəyik və bu, birbaşa Vaşinqton və təsirə məruz qalmış ölkələr, eyni zamanda bu ölkələrin paytaxtlarında səfirlərimiz və ATƏT-dəki təmsilçiliyimizlə baş verəcək. Buna görə növbəti aylarda bunun getdikcə daha da irəlilədiyini görəcəyik.