Kentukki ştatının qubernatoru Endi Beşarın bildirdiyinə görə, bazar ertəsi ştatın şərqində leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 4 uşaq da daxil olmaqla, azı 35 nəfər həlak olub. Ölənlərin sayının daha da artacağını gözlədiyini deyən Beşar səhər saatlarında cəmi 30 təsdiqlənmiş ölümü elan edib. Günortadan sonra o, bir yeniləmə ilə beş əlavə ölüm faktını təsdiqləyib.
Rəsmilər xilas edilmiş və didərgin düşmüş minlərlə insanı ərzaq və sığınacaqla təmin etmək üçün işləri davam etdirib. Qubernator sosial mediada yayılan bir videoda hava proqnozu ilə bağlı "həqiqətən də çətindir" deyib.
Milli Meteorologiya Xidməti çərşənbə axşamınadək bir neçə dəfə leysan və tufanların davam edəcəyini proqnozlaşdırıb. Əlavə yağış xilasetmə və bərpa işlərinə mane ola bilər.
Keçən həftə fövqəladə vəziyyət elan edən Beşar həftəsonu daha ucqar ərazilərə gedən komandaların “uzun zaman cəsədlər tapacağını" deyib.
İnternetdə yayımlanan videolarda xilasetmə qruplarının motorlu qayıqlarla yaşayış və kommersiya ərazilərində qurbanları axtardığı əks olunub.
Volf Mahalının Axtarış və Xilasetmə Qrupu bazar günü Facebook-da 83 yaşlı qadını evdən təhlükəsiz yerə aparan helikopterin görüntülərini yayımlayıb. Ekipajın bildirdiyinə görə, ümumilikdə 5 nəfər çardaqda sıxışıb qalıb və az qala suyun altında qalan evin damından xilas edilib.
Daşqınlar dekabr ayında ştatın qərb hissəsində 80-ə yaxın insanın həyatına son qoyan tornadolardan sonra yeddi ayda Kentukkini vuran ikinci böyük fəlakət olub.