Keniya hərbi qüvvələri Somalidə 30-a yaxın Əl-Şəbəb döyüşçüsünü qətlə yetirib

Keniya rəsmiləri Somalinin cənub regionunda raket hücumu nəticəsində 30-a yaxın Əl-Şəbəb döyüşçüsünün öldürüldüyünü bildirib. Onların arasında yüksək səviyyəli komandirlərin də olduğu deyilir.

Keniya hərbisinin Tvitter hesabında yaydığı məlumatda Somalinin Gedo bğölgəsində yerləşən Qarbaharey qəsəbəsindəki düşərgəyə təşkil olunmuş hücumda yaralananların sayının da çox olduğu bildirilib.

Tvitterdə yerləşdirilmiş məlumata əsasən, düşrgədə beşdən çox avtomobil və əsas təchizat bazasının zərərsizləşdirildiyi deyilir. Hücum zamanı Əl-Şəbəb qrupunun düşərgədə yığıncaq keçirdiyi də qeyd edilib.

Somalinin Baş naziri Abdiveli Şeyx Əhməd raket hücumu ilə bağlı Tvitterdə fikrini bildirirərək, bununla qrupa böyük zərbə endirildiyini vurğulayıb.

Keniya 2011-ci ildə Əl-Qaidə islamçı qrupu ilə mübarizə aparmaq üçün Somaliyə hərbi qüvvə göndərib. Əl-Qaidə regionda bir sıra bomba hücumları həyata keçirib.

Nayrobi rəsmiləri hərbi qüvvələrin Somalidə müharibədə qəlbə əldə edilənə qədər qalacağını bildirib. Keniya hərbi qüvvələri Afrika Birliyi qüvvələri ilə birlikdə mübarizə aparır.

Əl-Şəbəb ölkənin böyük hissəsinə nəzarət etsə də əsas şəhərlərdən çıxarılıb.