Amerikada iki qaradərilinin polis tərəfindən öldürülməsi etiraz aksiyasına səbəb olub

Şimali Karolinanın Şarlott şəhərində mənzil kompleksində polis qaradərili bir nəfəri güllələdikdən sonra etirazçılar gecə boyu əsas şosse yolunun qarşısını kəsib, polislə toqquşma baş verib.

Başqa bir nəfəri həbs etməyə gəlmiş polis 43 yaşlı Keit Lamont Skottun avtomobilindən əlində silahla çıxdığını görüb. Polis zabiti Skottun təhlükə yarada biləcəyini fikirləşərək atəş açıb. Lakin Skottun ailə üzvləri onun üzərində silah olmadığını iddia edir.

Şarlott şəhərinin meri Cennifer Roberts Tvitterdə səhifəsində “icmanın cavab almağa haqqı olduğu” sözlərini yazıb və hadisənin tam araşdırılacağını vəd edib.

Ötən cümə günü isə Oklahoma ştatının Tulsa şəhərində polis zabitinin avtomobilinin yanında dayanan silahsız qaradərilini öldürməsinə etiraz olaraq nümayiş keçirilib.

Terens Krutçeri öldürən polisin vəkili deyib ki, öz həyatını itirəcəyindən qorxan qadın polis pəncərədən avtomobilinin içərisinə əl uzatdığını görən Krutçerin silah götürmək istədiyini fikirləşərək atəş açıb.

Lakin Krutçerin ailə üzvləri bunun böhtan olduğunu iddia edib və hadisə zamanı pəncərənin bağlı olduğu nümayiş etdirilən, polis tərəfindən çəkilmiş videonu məhkəməyə təqdim edib. Onlar zabitə qarşı ölçülər görülməsinə çağırıb.