Keçmiş deputatın anası: "Allahdan qorxun..."

Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva

Keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva özünə və oğluna bəraət istəyir.

Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində çıxış edən ana “ikimiz də günahsızıq” deyib və sözlərini belə bitirib:

"Allahdan qorxun. Bizim vergi borcumuz yoxdur, olmayıb, hamısı yalan yazılıb".

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayevə 6 il həbs, anasına cərimə cəzası kəsilib.

Onlar dələduzluq, vergidən yayınma və başqa əməllərdə təqsirli biliniblər. İddia olunur ki, onlar bina tikintisi və başqa biznes fəaliyyətlə pul qazansalar da, 1 milyon 400 min manata yaxın vergi borcunu ödəməyiblər.

Onlar dələduzluq, vergidən yayınma və başqa əməllərdə təqsirli biliniblər. İddia olunur ki, onlar bina tikintisi və başqa biznes fəaliyyətlə pul qazansalar da, 1 milyon 400 min manata yaxın vergi borcunu ödəməyiblər.

Vəkil Zeynəb Abdullayevanın bir sıra əmlakının müsadirəsi barədə qərarı da əsassız sayaraq, onun ləğvini istəyib.

Vergilər Nazirliyinin nümayəndəsi Xəyal Əhmədov Abdullayevlərə hesablanan vergi məbləğində israrlı olub. Deyib ki, ekspertlərin rəyi əsasında hesablama aparılaraq, həmin məbləğ müəyyənləşdirilib.

Zeynəb Abdullayeva və Hüseyn Abdullayevin şikayətlərinə münasibət bildirmək üçün prokuror vaxt istəyib. Ona yanvarın 29-dək vaxt verilib.

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelindən həbsdədir. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

2006-cı ildən Hüseyn Abdullayevin nəzarətində olan “Araz-İnşaat” ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Hüseyn Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb.

Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək, 4 min manat cərimələnib.

Zeynəb Abdullayevanın ölkədən qanunsuz çıxmasına yardım etməkdə ittiham olunan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov və Xalid Əliyevə şərti cəza verilib.

Onlar öncə həbs olunub, bir ilə yaxın təcridxanada saxlansalar da, məhkəmə başlananda ev dustaqlığına buraxılıblar.

Digər təqsirləndirilən şəxslərdən Abdullayevlər ailəsinə məxsus “Araz-İnşaat” ASC-də işləmiş Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum edilib.

Abdullayevlərin qohumu İntiqam Soltanov da şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

2007-ci il martın 16-da hِökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bu olaydan sonra Hüseyn Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə Hüseyn Abdullayevin “Susma” adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.