Qazaxıstanda kütləvi etirazlar zamanı itkin düşənlərin axtarışı layihəsinə start verilib

Qazaxıstanın BTS Digital İT şirkəti ölkədə kütləvi etirazlar günlərində yoxa çıxan şəxslərin axtarışı üçün layihənin - "Adam itib"ın başladığını elan edib. Qazaxıstan hakimiyyəti yanvar ayında ölənlər və itkin düşənlər barədə dəqiq məlumat hələ açıqlamayıb.

"Şəxsin axtarışı ilə bağlı sorğu buraxmaq üçün xidmətdə itkin düşmüş şəxs haqda məlumatları doldurmalısınız. Ərizə 1414 zəng mərkəzinin operatorlarından ibarət xüsusi qrup tərəfindən qəbul edilir və dərhal sonrakı əməliyyat-axtarış tədbirləri üçün daxili işlər orqanlarına göndərilir”, - press-relizdə deyilir.

Şirkət bu günlərdə tez-tez itkin düşənlərin axtarılması xəbərlərinə reaksiya verdiyini açıqlayıb.

Yanvar ayında ölən və itkin düşənlər barədə dəqiq məlumat yoxdur. Rəsmi olaraq, səlahiyyətlilər 17 ölüm və yüzə yaxın polis, Milli Qvardiya əməkdaşının və hərbçinin yaralandığını bildirib, mülki itkilərlə bağlı məlumatlar hələ də açıqlanmayıb.

Qırğızıstanda Qazaxıstanda kütləvi etirazlar zamanı itkin düşən həmyerlilərin axtarışı üçün çat yaradılıb. Bu barədə Facebook-da fəal Gülnurə Torəliyeva məlumat verib.

Həmçinin yanvarın 13-də məlum olub ki, Qazaxıstanın Baş Prokurorluğu və Rəqəmsal İnkişaf Nazirliyi stopterrorism.kz saytını işə salıb, onun köməyi ilə sübutların toplanması və təsbiti, habelə video çəkilişlərdən cinayətkarların müəyyənləşdirilməsi həyata keçiriləcək.

Talan və digər cinayətlərin şahidləri bu resursa video və audio yazıları, habelə istintaqa faydalı ola biləcək fotoşəkilləri yükləmələri tövsiyə olunub. Baş Prokurorluğun mətbuat xidməti əmin edib ki, bu, anonim şəkildə həyata keçirilə bilər.