Kataloniyanın keçmiş prezidenti Karles Puçdemon Almaniyada saxlanıb

Kataloniyanın vəzifəsindən kənarlaşdırılan prezidenti Karles Puçdemon Danimarka sərhəddini keçməyə cəhd edərkən Almaniyada saxlanıb. Bu barədə Almaniya polisi məlumat verib.

Puçdemontun vəkili Jaume Alonso-Kevilyas Tvitter səhifəsində mesajında Puçdemonun həbs edildiyini təsdiq edərək, onun oktyabr ayında müstəqilliyə dair referendumda rolu ilə əlaqədar həbsinə order verildikdən sonra qaçdığı Belçikaya səfər etdiyini əlavə edib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Puçdemon onun İspaniyaya təhvili üçün başlamış prosesin bir hissəsi olaraq, bazar ertəsi günü Almaniyada məhkəmə qarşısına çıxarılacaq. Associated Press xəbər agentliyinin verdiyi məlumata görə, Puçdemonun həbsi İspaniyada bir neçə nümayişin keçirilməsinə səbbə olub.

“Puçdemon Belçika məhkəməsinə təhvil olmaq üçün Belçikaya yollanırdı”, Jaume Alonso-Kevilyas Tvitter səhifəsində mesajında yazıb.

Onun həbsi İspaniya Ali Məhkəməsinin cümə günü Kataloniyanın 13 separatçı liderinə qarşı keçən il İspaniyadan müstəqillik elan etmək cəhdi ilə əlaqədar olaraq üsyana qalxmaq və başqa cinayətlərlə bağlı ittiham irəli sürülməsi haqda qərarından sonraya təsadüf edir.

Kataloniya regionunun prezidentliyinə namizəd olmuş Jordi Turul

Almaniya polisi Puçdemonu İspaniya tərəfindən verilmiş beynəlxalq orderə əsasən saxlayıb. Hakimiyyətdən uzaqlaşdırılmış Kataloniya lideri İspaniyada 25 illik həbs cəzası ala bilər.

Keçən həftə regionun prezidentliyinə namizəd olmuş Jordi Turul da Kataloniyanın müstəqilliyinə cəhddə rolu ilə əlaqədar olaraq nəzarət altına alınıb. Bununla, Kataloniya parlamenti üçüncü dəfədir ki, yeni prezidenti nominasiya edə bilmir.

Puçdemonun yaxın tərəfdaşlarından biri, İspaniyadan Şotlandiyaya qaçmış Kataloniyanın keçmiş təhsil naziri Klara Ponsati də həbs cəzası ilə qarşılaşa bilər. Yeni məlumatlara görə, onun vəkili Ponsatinin polisə təhvil olması barədə danışıqlar aparır. İspaniyanı tərk etdikdən sonra o, Şotlandiyada universitetdə müəllimlik fəaliyyətini davam etdirməyə başlayıb.

Kataloniya keçən ilin dekabr ayından siyasi qeyri-müəyyənlik dövrünü yaşayır. İspaniyanın baş naziri Mariano Rahoy regionun müstəqilliyinə dair hərəkatın qarşısının alınması məqsədilə erkən seçkilərin keçirilməsinə çağırıb. Plan regionun İspaniyadan ayrılmasının tərəfdarı olan partyaların seçkidə qələbəsindən sonra iflasa uğrayıb.

Madrid Kataloniya administrasiyasının oktyabr ayında müstəqilliyini elan etməsindən sonra regional hökumətin nəzarətini birbaşa öz üzərinə götürüb.