Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

Pandemiya ilə əlaqəli Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabradək uzadılıb.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı bu gün, iyulun 22-də qərar imzalayıb.

Xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.

Habelə həftə sonları ictimai nəqliyyatın, o cümlədən metronun işləməməsi ilə bağlı qərar da avqustun 30-na qədər uzadılıb. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martından karantindir. Bu müddət ərzində rejim yoluxma sayından asılı olaraq zaman-zaman gah sərtləşdirilib, gah da yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 339 min 62 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4998 nəfərin vəfat etdiyi bildirilib.