Karantin tədbirləri COVID-19-dan milyonlarla insanın ölümünün qarşısını almağa kömək edib

Bazar ertəsi nəşr edilən yeni araşdırmalara əsasən, dünya boyu tətbiq edilmiş karantin nəticəsində milyonlarla insanın koronavirusdan ölməsinin qarşısı alınıb.

London İmperial Kollecinin apardığı araşdırmaya əsasən, Avstriya, Belçika, İngiltərə, Danimarka, Fransa, Almaniya, İtaliya, Norveç, İspaniya, İsveç və İsveçrədə müəssisələrin və məktəblərin bağlanması da daxil olmaqla, 11 ölkədə həyata keçirilən məhdudiyyətlərə görə 3 milyona yaxın insan ölümünün qarşısı alınıb.

Birləşmiş Ştatlarda aparılmış və Britaniyanın araşdırması ilə bazar ertəsi birgə açıqlanan digər bir araşdırmanın nəticələri isə Çin, Cənubi Koreya, İtaliya, İran, Fransa və ABŞ-da həyata keçirilən məhdudiyyətlərin təxminən 530 milyon insanın COVID-19-a yoluxmasının qarşısını alıdığını göstərib.

Cons Hopkins Universitetinin Koronavirus Tədqiqat Mərkəzinin topladığı məlumatlara əsasən, dünya boyu COVID-19-a təsdiq edilmiş yoluxma hallarının sayı 7 milyondan çoxdur, ölüm halları isə 403 minə yaxındır.

ABŞ ölüm hallarının ən çox olduğu ölkədir, ondan sonra Britaniya, Braziliya və İtaliya gəlir. ABŞ eləcə də ən çox, 2 milyona yaxın yoluxma halı qeydə alınan ölkədir. Bu sayın üçdə biri Braziliyada, Rusiya və Britaniyada qeydə alınıb.

Bu arada ABŞ rəsmiləri Corc Floydun ölümünə qarşı bir həftədən çoxdur davam edən mitinqlərdə iştirak edən insanları COVID-19 testindən keçməyə çağırıb.

"Testdən keçin" deyən Nyu-York ştatının qubernatoru Endrü Kuomo ştatda 15 yeni test bölgəsinin açıldığını və insanlara həyatlarını risk qarşısına qoymadan, bunu etmələrini məsləhət görüb.

Test üçün oxşar çağırışlar Atlanta ştatı, San-Fransisko və Sietl şəhərlərinin rəsmiləri tərəfindən edilib.