“Kanada jurnalistləri söz azadlığı uğrunda" təşkilatı jurnalistin azadlığa buraxılmasına çağırır

Elçin Məmməd

"Kanada jurnalistləri söz azadlığı uğrunda" təşkilatı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədin həbsdə saxlanması ilə bağlı narahatlığını bildirib. Təşkilat Azərbaycan rəhbərliyini onun azad edilməsinə nail olmaq üçün müdaxilə etməyə çağırır.

Müəlliflər qeyd edir ki, Elçin Məmməd həbsdən sonra amansız rəftara məruz qalıb, onun səhhəti və təhlükəsizliyilə bağlı vəziyyət pisləşib.

"Nə qədər ki Elçin Məmməd həbsdədir, onun sağlamlığına və təhlükəsizliyinə dəyən ziyana görə məsuliyyət Azərbaycan hökumətinin üzərində qalacaq. Odur ki, sizin hökuməti Elçin Məmmədin mümkün qədər tez azadlığa buraxılması üçün müdaxilə etməyə çağırırıq. Əks təqdirdə, bu, Məmmədə qarşı ittihamların siyasi motivli və əsassız olduğunun təsdiqi olacaq,” müraciətdə deyilir.

Elçin Məmmədin anası Rəhilə Məmmədli deyib ki, onun oğlunu Penitensiar Xidmətin Müalicə müəssisəsindən 16 saylı koloniyaya qaytarıblar.

"Elçini lazımınca müayinə etməyiblər. Ancaq qaraciyər və böyrəyin ultrasəs müayinəsini ediblər, halbuki, prostat xəstəliyindən şikayət edir. Nə diaqnozun, nə də analizin nəticələrini ona verməyiblər, deyiblər ki, koloniyaya göndərəcəklər. Əgər onun ciddi problemi olmasaydı, huşunu itirməzd," ana deyib.

Eyni zamanda o bildirib ki, 16 saylı cəzaçəkmə müəssisəsində Elçin Məmmədin saxlanma şəraiti və onunla rəftar ilə bağlı şikayəti yoxdur.

Ana ümidvar olduğunu bildirib ki, iyulun 7-də Ali Məhkəmədə oğlunun şikayətinə baxılması zamanı ədalət bərpa olunacaq.

"Kanada jurnalistləri söz azadlığı uğrunda" təşkilatı ifadə azadlığını müdafiə edən qeyri-kommersiya, qeyri-hokumət təşkilatıdır.

17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədi "oğurluq", "hərbi sursat və silahın qanunsuz saxlanması"nda təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

2020-ci ilin martında hüquq müdafiəçisi həbs edilib. Hüquqi yardım göstərdiyi qadın ondan şikayət edib. Bundan öncə həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan şikayət edib.

Elçin Məmməd cinayət işini öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir. Beynəlxalq təşkilatlar - Amnesty International, PEN, FİACAT və digərləri Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.