İran Azərbaycanında və Azərbaycan Respublikasında Novruz adətləri: oxşarlıqlar və fərqliliklər

İran Azərbaycanında və Azərbaycan Respublikasında Novruz adətləri: oxşarlıqlar və fərqliliklər

Güney Azərbaycanda da Novruzun əksər atributları Quzey Azərbaycanda olduğu kimidir: qədimdən məleykələrin və ölmüş insanların ruhunun yerə enməsi günü kimi qeyd edilən İlaxır bayramı Quzey Azərbaycanda olduğu kimi, Güney Azərbaycanda da daha təntənəli şəkildə qeyd edilir. Odun, atəşin yaradılması ilə yeddi ünsürdən ibarət olan dünyanın yaranışının başa çatması və buna görə də tarixin ilk günü sayılan Novruzla bağlı keçirilən mərasimlər də Arazın hər iki tərəfində əsasən uyğun şəkildə icra edilir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru Kamil Hüseynoğlunun Novruz bayramının tarixi və Azərbaycan Respublikası ilə İran Azərbaycanında bayram adətlərinin oxşar və fərqli cəhətlərini əks etdirən elmi məqaləsinin ikincisini təqdim edirik (Məqaləni müəllifin icazəsi ilə yayımlayırıq).

Kamil Hüseynoğlu: Novruz Güney Azərbaycanda

Güney Azərbaycanda da Novruzun əksər atributları Quzey Azərbaycanda olduğu kimidir: bayramqabağı evlər təmizlənir və bəzədilir, təzə paltarlar alınır, səməni hazırlanır, yumurta boyadılır və döyüşdürülür, bir-birindən küsənlər barışır, çərşənbə günləri qeyd edilir və s. Ancaq müəyyən fərqli cəhətlər də vardır ki, bunlar Güney Azərbaycanın ayrı-ayrı əyalətləri arasında da özünü göstərir. Ona görə də Güney Azərbaycanda Novruz mərasimləri haqqında dolğun təsəvvür əldə etmək üçün bu mərasimləri onun bir neçə bölgəsində nəzərdən keçirmək lazımdır.

Güney Azərbaycanda Novruzun ən təntənəli şəkildə keçirildiyi bölgələrdən biri Ərdəbildir. Burada “yalançı çərşənbə” və “doğruçu çərşənbə” adları saxlanılsa da, əsasən sonuncu üç çərşənbə xüsusi mərasimlərlə qeyd edilir. Bunlara “kül çərşənbə”, “qoduxqırxdı çərşənbəsi” və “gül çərşənbə” deyilir. Bu adlardan göründüyü kimi, qədim zərdüştilik bayramları sistemi müxtəlif səbəblər üzündən burada da unudulmuş və təhriflərə məruz qalmışdır. Ancaq xalq yeni yaradılmış adlara da müəyyən mənalar verməyə çalışmışdır. Belə ki, xalq yaddaşına əsasən kül çərşənbəsində evlər tozdan təmizlənir və təndirlərdəki külləri çıxarıb kənara atırlar. Deyilənlərə görə, qoduxqırxdı çərşənbəsində havalar nisbətən istiləşdiyinə görə qışda doğulmuş qoduxların və qulanların tüklərini qırxırlar. Gül çərşənbəsi Ərdəbildə ilin sonuncu çərşənbəsinə deyilir və bunun mərasimləri çoxdur.

Gül çərşənbəsinə, yəni axır çərşənbəyə hazırlıq xeyli öncədən başlanır. Bayramqabağı Ərdəbil “dülgətütək” adlanan tütəklərlə dolur. Dülgə burada saxsı bardağa deyilir. Bu cür kiçik bardaqlara at, maral, keçi şəklində olan lülək də qoyulur. Həm lüləklər, həm də bardağın özü əlvan rənglərlə bəzədilir. Hər yerdə onların çalınması şəhərə şən bir əhvali-ruhiyyə gətirir. Əhali bu dülgətütəkləri xoşbəxtlik rəmzi hesab etdiyindən hər kəs onlardan bir ədəd alıb öz evinə aparır. Daha çox uşaqları sevindirən dülgətütəkdən başqa, gül çərşənbəsinin mühüm və zəruri sayılan simvollarından biri də təzə kuzə alıb, onun evə gətirilməsidir. Kuzə həyət-bacanı sulamaqla onları şər qüvvələrdən təmizləmək üçün lazımdır. Qədim zamanlarda insanlar bu məqsədlə bir-birinin üstünə də su səpirdilər.

Bayramqabağı hazırlanan mühüm rəmzi əşyalardan biri də səmənidir. Səmənini daha çox hamam işçiləri hamamda xüsusi taxtlar üzərində əkdikləri buğdadan düzəldir və bayramqabağı onları lazımi qaydada kəsərək, çini qablara qoyub, öz müştərilərinin evlərinə aparırlar. Bunun əvəzində evin kişiləri hamama gedəndə hamam işçilərinə bayramlıq verirlər. Bayramqabağı çimib təmizlənmək də gül çərşənbəsinin məcburi atributlarından biri hesab edilir.

Gül çərşənbəsi axşamı hava qaralmağa başlayanda uşaqlar və gənclər göyə fişəng atmaqla, müxtəlif partlayıcı vasitələri yandıraraq səs salmaqla bayram təntənəsi yaratmağa çalışırlar. Bununla yanaşı onlar evlərin damında, küçə və meydanlarda tonqal qalayıb, onun üstündən tullanaraq, belə deyirlər:

Atıl-matıl çərşənbə,

Baxtım açıl çərşənbə.

Ağırlığımı verdim sənə,

Yüngüllüyünü aldım səndən.

Sarılığımı verdim sənə,

Qırmızılığını ver mənə.

Eyni zamanda 10-12 yaşlı uşaqlar hələ bayramdan bir neçə gün əvvəldən başlayaraq, iki-iki küçələri gəzərək və əllərində muncuqlu paltar geyindirilmiş bir kiçik təkə müqəvvasını oynadaraq, ayrı-ayrı evlərin həyətlərinə daxil olur və bu mahnını oxuyurlar:

Bahar gəldi, bahar gəldi, xoş gəldi,

Sizin bu təzə bayramınız mübarək,

Ayız, iliz, həftə, günüz mübarək!

Əmir əl-möminin taxta çıxacaq,

Yezidin boynuna noxta vuracaq.

Onların oxuduqları başqa bir mahnı isə belədir:

Təkəm-təkəm atlama,

Qol-qıçını qatlama.

Sabah yaz-yay olanda

Gedib çöldə otlama.

Bu təkənin kəndi var,

Kəsəyi var, kəndi var.

Hər həyətdə oynasa,

Bir nəlbəki qəndi var.

Bundan sonra ev sahibi gülə-gülə uşaqlara bir nəlbəki qənd və ya bir qədər pul verir. Uşaqlar da razı halda qapıdan çıxaraq, başqa evlərə gedirlər. Bu adət Ərdəbil ətrafındakı kəndlərdə indi də yaşamaqdadır.

Bayram axşamı həmçinin uşaqlar yaxın qohumlarının və qonşularının qapısına dəsmal qoyub, sonra qapını döyür və qaçıb gizlənirlər. Bu mərasimə Ərdəbildə “qurşaq atmaq” deyilir (çox vaxt bu məqsədlə belə qurşağa bağlanan dəsmallardan istifadə edildiyinə görə). Ev sahibi qapını açıb, həmin dəsmalı götürür və ona bayram sovqatı qoyduqdan sonra əvvəlki yerinə qoyur. Uşaqlar dəsmalı geri götürərkən qoyulmuş sovqatlara görə çox xoşhal olurlar.

Gül çərşənbəsi axşamı qadınlar öz niyyətlərini də sınayırlar. Bu məqsədlə onlar gizlincə qonşuların qapısına və ya pəncərəsinə yaxınlaşaraq, evdə gedən söhbətə qulaq asırlar. Əgər eşitdikləri ilk sözlər onların ürəklərində tutduqları niyyətə uyğundursa, onda onlar da sevinirlər ki, qarşıdan gələn ildə onların arzusu həyata keçəcəkdir.

Gül çərşənbəsinin səhərisi gün su üstünə getmək adəti də vardır. Bu zaman ailənin bütün üzvləri yaxınlıqdakı axar su (arx, çay və s.) kənarına gələrək, buraya toplananların bayramını təbrik edir və bir-birinə xoşbəxtlik arzulayırlar. Sonra isə hər kəs özünün çərşənbəqabağı aldığı küzəsini su ilə doldurub, evinə geri qayıdır. Bununla da gül çərşənbəsinin mərasimləri sona çatır.

Bundan sonra hamı ilin təhvil olmasını, yəni Novruzun gəlişini gözləyirlər. İl təhvil olanda isə hər evdə “həft sin” süfrəsi arxasında otururlar.

Ərdəbildə “həft sin” mərasimi üçün aşağıdakılardan istifadə edilir: sirkə, sarımsaq, səbzi, sumaq, sikkə, saat, su. Sirkə fəallığın, sarımsaq sağlamlığın, səbzi (göyərti) ümidin, sumaq ruzinin, sikkə var-dövlətin, saat uzunömürlülüyün, su isə aydınlığın rəmzi hesab edilir. Bundan əlavə, bir kasa suda “təhvil balığı” adlanan kiçik bir balıq da qoyurlar. Süfrədə də balıq başı və toyuq döşü olmalıdır. İl təhvil olana yaxın hamı təzə paltarını geyinib, süfrə başında otururlar. İl təhvil olanda süfrədəki balıqlardan birinin başı atılır. Bu zaman uşaqlar qışqıraraq deyirlər: “İl təhvil oldu, balıq atıldı”. İl təhvil olandan sonra ailə üzvləri bir-biri ilə qucaqlaşıb öpüşərək, bir-birini təbrik edir və böyüklər kiçiklərə bayram hədiyyələri verirlər.

Ərdəbildə Novruz bayramı görüşlərinin də özünəməxsus tərtib qaydaları vardır: Novruzun ilk günü üləmaların görüşünə gedilir və “qara bayram” adı altında vəfat etmiş yaxın adamların qəbri ziyarət edilir. Bundan sonra hər gün bir məhəllə olmaq üzrə şəhərin ayrı-ayrı məhəllələrində yaşayan qohumlar, dostlar və tanışların görüşünə gedilir. Şəhərdə altı böyük məhəllə vardır ki, bunlar da daha kiçik hissələrə bölünür. Bayramın yeddinci günü isə bütün görüşlər başa çatır.

Təbrizdə Novruz süfrəsinə ənənəvi plov, çərəz və şirniyyatdan əlavə, ətrafına yanan şamlar düzülmüş güzgü (işıqlı həyatın rəmzi hesab edilir), içərisindəki suda xırda balıq və ya yaşıl yarpaq olan fincan (bu adət belə bir təsəvvürə əsaslanır ki, balıq və ya yarpağın hərəkəti ilə ilin təhvil olunduğu anı müəyyən etmək olar), boyanmış yumurtalar və s. qoyulur. Evdəki qadınlar paltarlarına sancaq taxmalıdırlar. Novruzun səhərisi günü tezdən evə gələn ilk adam kişi olarsa, bu yaxşı əlamət, qadın olarsa, bu nəhs əlamət hesab edilir.

Ümumiyyətlə götürdükdə isə, axır çərşənbə günü ilə müqayisədə, Novruz günləri çox sakit və təmkinli bir şəraitdə keçir. Bu hal Güney Azərbaycanın başqa bölgələrində, həmçinin Quzey Azərbaycanda da özünü göstərir. Məleykələrin və vəfat etmiş adamların ruhunun məhz həmin gün yerə enməsi şərəfinə keçirilən İlaxır bayramı qədim dövrlərdə də daha təntənəli bir şəraitdə keçirilirdi. Bu ənənənin Azərbaycanda yaşaması Azərbaycanda Novruz ənənələrinin daha saf şəkildə saxlanılmasına dəlalət edir. Bu halı biz Güney Azərbaycanda yaşayan ayrı-ayrı türk tayfa və elləri içərisində də görürük. Belə ki, iranlı etnoqrafların məlumatına əsasən “xəlkanlu eli Novruz bayramını o qədər də mühüm hesab etmir, ancaq Novruzdan əvvəl gələn axır çərşənbəyə Novruzdan da artıq əhəmiyyət verir. Həmin gecə onlar ən yaxşı yeməklərini bişirir, atəşfəşanlıq edir və gecə yarıya qədər bayram keçirirlər...

Qarapapaq elinin insanları da Novruza böyük əhəmiyyət verirlər və isfənd ayını (20 fevraldan 20 marta qədər) “bayram ayı” adlandırırlar. Isfəndin birinci çərşənbəsinə “yalançı”, ikincisinə “doğruçu”, üçüncüsünə “qara”, dördüncüsünə “əcr” (ölmüş insanlara əməllərinə görə qiymət verilməsi – K.H.) çərşənbəsi deyirlər. İlk çərşənbə günü cavanlar damın və ya təpənin üstünə çıxıb, tonqal qalayır, göyə fişəng və güllə atırlar. Üçüncü çərşənbə günü o adamlar ki, il ərzində onların yaxınları vəfat edib, meyvə və şirniyyatla ölmüşlərin qəbri üstünə gedib, fatihə oxuduqdan sonra şirniyyatı və meyvəni ehtiyacı olanlara verirlər. Dördüncü, yəni sonuncu çərşənbə günü əhali təzə paltarlar geyinir, fərəh və şadlıq hissləri ilə tonqallar qalamağa başlayır və bir-birinin görüşünə gedirlər. Sonuncu çərşənbənin səhəri, günəş çıxmazdan əvvəl arvad-uşaq çay kənarına gedib, çərşənbə suyundan istifadə edir və öz kuzəsini su ilə doldurub, yeni il xoşbəxtliyi üçün saxlayır.

Qaşqay elinin camaatı da Novruzdan əvvəlki günə böyük əhəmiyyət verirlər. Novruz bayramından bir gün əvvəl bəziləri öz qohum-əqrabasının qəbri üstünə gedib fatihə oxuyurlar. Sonra varlı, kasıb, böyük, kiçik hamısı gərək hamama getsinlər. Qadınlar və uşaqlar hökmən gərək başlarına və əllərinə həna qoysunlar və təzə paltarlar geyinsinlər. İlin sonuncu gecəsi hökmən plov olmalıdır və ümumiyyətlə, qoyun, quzu və ya heç olmazsa xoruz qurban kəsilməlidir” (Bax: “Məcəlleye-qozareşe-mahane”. Tehran, sale-dəvazdəhom, şomareye-12, s. 24-26).

Beləliklə, biz görürük ki, qədimdən məleykələrin və ölmüş insanların ruhunun yerə enməsi günü kimi qeyd edilən İlaxır bayramı Quzey Azərbaycanda olduğu kimi, Güney Azərbaycanda da daha təntənəli şəkildə qeyd edilir. Odun, atəşin yaradılması ilə yeddi ünsürdən ibarət olan dünyanın yaranışının başa çatması və buna görə də tarixin ilk günü sayılan Novruzla bağlı keçirilən mərasimlər də Arazın hər iki tərəfində əsasən uyğun şəkildə icra edilir.