Kabildə intiharçı hücumu 7 nəfərin ölümü ilə nəticələnib

Əfqanıstanın paytaxtı Kabildə intiharçı hücumu 7 nəfərin ölümü ilə nəticələnib. Hadisə bir çoxlarının xəsarət almasına səbəb olub.

İntiharçı üzərindəki qurğunu Kəndlərin Bərpası və İnkişafı Nazirliyinin maşın parkında işə salıb. Hücum insanların işdən çıxdığı vaxt törədilib.

Nazirliyin sözçüsü Fəridun Əzhand Amerikanın Səsinə bildirib ki, hücum çoxsaylı insanın olduğu yerdə həyata keçirildiyi üçün ölənlərin sayı arta bilər.

Əfqanıstan mediası hücumçunun parkda saxlanılan əcnəbilərlə dolu maşını hədəf aldığını bildirib.

Bugünkü hücum nazirliyin hədəf aldındığı ikinci hücumdur.

İyunun 11-də Əfqanıstanın paytaxtı Kabildə intiharçı hücumu 17 nəfərin ölümü, 40-dan çox insanın yaralanmasına səbəb olub.

Hücum hökumətin Taliban yaraqlılarına qarşı genişmiqyaslı əməliyyatından bir gün əvvəl həyata keçirilib.

Rəsmilər intiharçının Kəndlərin bərpası və İnkişafı Nazirliyinin girişində bombanı işə saldığını bildirib. Ölənlər arasında nazirlik işçiləri də var.

Zorakılıq BMT-nin Əfqanıstana yardım missiyasının tələfatla bağlı yaydığı hesabat gününə təsadüf edir. Hesabatda bildirilir ki, 2018-ci ilin ilk 6 ayı ərzində 1700-ə yaxın insan öldürülüb.