Taliban Əfqanıstanın 5 vilayətini qaranlığa bürüdü

Taliban Kabil də daxil edilməklə, Əfqanıstanın şimal 5 vilayətində elektrik mənbələrini sıradan çıxarıb.

Sübh çağı həyata keçirilən əməliyyat Baqlan vilayətini tam qaranlığa bürüyüb.

Kabildə 5 milyon sakin, biznes və başqa təsisatlar işıqsız qalıb. Özəl generatorlardan istifadə edilməli olub.

Vilayət qubernatoru Əbdul Hai Neyməti Amerikanın Səsinə bildirib ki, xətlərin bərpası işləri aparılır.

Əfqanıstanın bu bölgələri Tacikistan və Özbəkistandan idxal edilən 300 meqavatt elektriklə təmin edilir.

Talibanın hücumu Pərvan, Meydan Vardak, Qəzni və Ninqarhar vilayətlərini iflic hala salıb.

Taliban Baqlanın elektrik enerjisi təmin edilmədiyi təqdirdə elektrik transmissiyalarının sıradan çıxarılacağına dair təhdidilərlə çıxış etmişdi.

ABŞ ordusunun son hesablamalarına görə qrup Əfqanıstan əraisinin 45 faizinə nəzarət edir.

Son hadisə Özbəkistan paytaxtı Daşkənddə Əfqanıstanla bağlı beynəlxalq konfransın başlandığı vaxta təsadüf edir.

Konfransa 20 ölkə təmsilçisi, o cümlədən ABŞ, Avropa Birliyi, Pakistan, İran, Çin, Rusiya və Orta Asiyanın beş ölkəsi qatılıb.

Konfransda Əfqanıstan sülh prosesi, həmçinin antiterror, narkotiklərlə mübarizə, regional əməkdaşlıq məsələləri müzakirə olunur.

Fevralın 28-də Əfqanıstan paytaxtında Kabil Prosesi adlı tədbir keçirilib. Ölkə prezidenti Əşrəf Qani həmin konfransda Taliban qruplaşmasına sülh danışıqları təklif edib.