Jurnalistlər Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib

Bu gün, dekabrın 24-də bir qrup jurnalist Milli Məclisin binası qarşısında yeni “Media haqqında” qanun layihəsinin müzakirəsinə etiraz olaraq aksiya keçirib. Jurnalistlər “Azad media istəyirik!”, “Mürtəce qanuna yox deyirik!”, “Muzdlu jurnalistlərə ar olsun!”, “Azad media susdurula bilməz!”, “Yaşasın azad media!”, “Sərhədli reportyor olmaq istəmirik!”, “Jurnalistika cinayət deyil!” şüarları qaldırıb və ya səsləndirib. Aksiyada “Azad mətbuat” yazılmış simvolik qəbir baş daşı nümayiş etdirilib.

Jurnalistlər Milli Məclisin binası qarçısında etiraz aksiyası keçirib

Polis aksiyaya müdaxilə edib. Jurnalistlərin qaldırdığı şüarlar alınıb və aksiya iştirakçıları Milli Məclisin binası qarşısından sıxışdırılıb.

Jurnalistlər Milli Məclisi və ölkə başçısını qanun layihəsinin gündəlikdən çıxarılmasına, mütərəqqi, media azadlığının dərinləşməsinə xidmət edəcək yeni qanun layihəsinin işlənilməsinə çağırıb.

Jurnalist Şəmşad Ağa bildirib ki, Milli Məclisin Erkin Qədirlidən başqa bütün deputatları ikinci oxunuşda dəstəklədiyi qanun layihəsi Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan Konstitusiyası ilə ziddiyət təşkil edir.

“Qanun layihəsi qəbul olunarsa ölkədə onsuz da sıxışdırılan mətbuat azadlığına yeni təhdidlər gətirəcək. Biz sənədin yenidən işlənməsini tələb edirik. Milli Məcls qanun layihəsini üçüncü oxunuşda qəbul edərsə aksiyalarımızı davam etdirəcəyik,” o qeyd edib.

Jurnalistlər Milli Məclisin binası qarçısında etiraz aksiyası keçirib

Jurnalist Aliyə Yaqublunun fikrincə, qanun layihəsinin bütün bəndlərində məhdudlaşdıcı hissələr var.

“Bu sənədin qəbulu media azadlığına "fatihə" oxumaqdır. Qanunun əksər bəndləri mürtəcedir. Jurnalistlər seçkilərdə qanun pozuntularını gizli çəkilişlərlə ifşa etdilər. Sənəddə gizli çəkilişlərin yayılmasına da qadağa qoyulur,” o qeyd edib.

"Media haqqında" yeni qanun

Dekabrın 10-da Milli Məclisin komitələrində "Media haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb. Bu anadək sənəd ictimai müzakirələr üçün açıq olmayıb. On gün müddətində Milli Məclis qanun layihəsini iki oxunuşda qəbul edib.

Dekabrın 9-da Medianın İnkişafı Agentliyi bildirib ki, “Media haqqında” yeni qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılmasını nəzərdə tutur.

Yerli medianın məlumatına görə, “Media haqqında” qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.

Azərbaycan rəsmiləri ölkədə plüralizmin təmin olduğunu deyir

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir. Hökumət rəsmiləri jurnalistlərin hüquqlarının müdafiə edildiyini, onların sosial müdafiəsinin təşkil edildiyini deyir.

Bununla yanaşı, media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı 20-dən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan mediası

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda son illərdə ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.