Azərbaycanda həbsdə olan jurnalistlərin ailələrinə yardım kampaniyası başlayıb

Jurnalistlərin Həmrəylik Günü

İanə kampaniyası sentyabrın 8-dək davam edəcək. Ölkədə hazırda 8 jurnalist həbsdədir
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) həbsdə olan jurnalistlərin ailələrinə maddi yardım üçün ianə toplamağa başlayıb. Aksiya sentyabrın 8-də qeyd olunan Jurnalistlərin Beynəlxalq Həmrəylik Gününə həsr edilib.

Avqustun 7-də keçirdiyi mətbuat konfransında RATİ-NİN direktoru Emin Hüseynov bildirib Kİ, aksiyanın məqsədi təkcə həbsdə olan jurnalistlərin doğmalarına maddi yardım göstərmək deyil.

“Bu aksiya həbs olunmuş jurnalistlərlə həmrəyliyin ifadəsidir. Bu, həm də onların özlərinin tənha hiss etməməsi üçün mənəvi dəstəkdir. Digər tərəfdən, bu aksiya yerli və beynəxalq ictimaiyyətin diqqətini jurnalistlərin öz nəşrlərinə görə cinayət təqibinə məruz qalmasına çəkmək üçün daha bir imkandır”.

Hazırda Azərbaycan həbsxanalarında 8 jurnalist saxlanılır: “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, müstəqil jurnalist Fərəməz Allahverdiyev (Novruzoğlu), Ucar rayonundan jurnalist Fuad Hüseynov, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, “Yeni Müsavat” qəzetinin icmalçısı Tofiq Yaqublu (həmçinin Müsavat Partiyasının sədr müavini), azadxeber.org saytının baş redaktoru Nicat Əliyev, xeber44.com saytının baş redaktoru Araz Quliyev və “P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli.

Jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, siyasi partiyalar və Azərbaycanda mətbuat və söz azadlığının taleyinə biganə olmayan bütün vətəndaşlar aksiyada iştiraka dəvət olunur.

Vəsaiti fərdi olaraq və kollektiv şəkildə təqdim etmək olar.

Pullar həm nağd şəkildə RATİ-nin ofisində, həm də xüsusi hesabda qəbul edilir.

Aksiya haqqında ətraflı məlumat RATİ-nin irfs.org saytında, KİV-də və sosial şəbəkələrdə yerləşdiriləcək.

Şəffaflıq üçün kampaniyanın sonunda verilmiş ianələr haqqında bütün məlumatlar ictimaiyyətə təqdim ediləcək. Aksiya iştirakçıları öz istəklərinə görə anonimliyin qorunub saxlanmasını istəyə bilərlər.