Jurnalistlərin Müdafiəsi Təşkilatının bildirdiynə görə, bu il 60 jurnalistin ölümü qeydə alınıb.
Qurum 2014-cü ildə 21 ölkədə həlak olan müxbirlərin siyahısını açıqlayıb. Öz vətənlərində öldürülən jurnalistlərin sayı az olmasa da, xaricdə öldürülənlər bu göstəricinin 23 faizini təşkil edir.
Təşkilatın hesabatında deyilir ki, münaqişə zonalarında zorakılıqlar əsasən xarici jurnalistləri hədəf alır.
Suriyada bu il 17, Ukrayna və İraqda 5, Somali və Fələstin-İsrail qarşıdurmasında 4 jurnalist həlak olub.
Jurnalistlərin Müdafiəsi Təşkilatı 2014-cü il jurnalist ölümü baxımından son 3 illə müqayisədə ən ağır il olduğunu bildirir.
Əfqanıstan, Pakistan, Paraqvay və Mərkəzi Afrika Respublikası kimi ölkələrin hər birində 3 jurnalist öldürülüb.
Ölüm hallarının 43 faizi qətl, 38 faizi isə döyüşlər və atışmalar zamanı qeydə alınıb.