Jurnalist dövlətə xəyanətdə ittiham olunur

Zerkalo” qəzetinin xüsusi müxbiri Rauf Mirqədirov

Rauf Mirqədirov Türkiyədən deportasiya olunub və Bakıda saxlanılıb
Aprelin 19-da Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov dövlətə xəyanətdə şübhəli bilinir.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski ona telefonla deyib ki, Mirqədirov Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur. “Mən “dövlətə xəyanət”in konkret hansı formada olduğunu soruşdum, müstəntiq söylədi ki, casusluq”, Ağayev bildirib.

Müstəntiq vəkilə bildirib ki, R.Mirqədirov istəyir ki, onu F.Ağayev müdafiə etsin
R.Mirqədirov MTN-in təcridxanasında saxlanılır. Vəkil yalnız sabah onunla görüşə bilər.

Bununla yanaşı rəsmi qurumlar jurnalistin saxlanması ilə bağlı hələ məlumat yaymayıb.

“Ayna-Zerkalo” qəzetinin Türkiyədə akreditə olunan xüsusi müxbiri Rauf Mirqədirov aprelin 18-də Ankarada saxlanılıb.

Jurnalistin həyat yoldaşı bildirib ki, uşaqla birlikdə onları avtobusdan düşürüblər, sənədlərini yoxlayıblar və Raufu aparıblar.

Sonra R.Mirqədirov Türkiyədən deportasiya edilib və Bakı hava limanında saxlanılıb.

R.Mirqədirov üç ildir ki, ailəsi ilə birgə Ankarada yaşayır. O, beynəlxalq mövzuda yazır və dəfələrlə məqalələrində Ərdoğan və Əliyev hökumətinin siyasətini tənqid edib.

“Ayna-Zerkalo”qəzetinin redaktoru Elçin Şıxlı bildirib ki, R.Mirqədirova təzyiqlər iki həftə öncə başlayıb. “Onu gözlənilmədən akkreditədən məhrum ediblər. Bundan sonra biz Türkiyənin Bakıdakı səfirinə və Azərbaycanın Ankaradakı səfirliyinə müraciət etdik. Oradan heç bir cavab almadıq. Bundan sonra akkreditədən məhrumetmədən şikayət verilməsi ilə bağlı vəkilin cəhdlərinə belə baxılmadı. Sonradan Raufa bildirilib ki, aprelin 23-dək Türkiyəni tərk etmılədir və bir daha ora gəlməməlidir”.

R.Mirqədirovun akreditasiyasının ləğvi Türkiyə baş naziri Ərdoğanın Bakıya səfərindən sonraya təsadüf edir.

Xatırladaq ki, fevralda Türkiyədən digər azərbaycanlı jurnalist 27 yaşlı Mahir Zeynalov deportasiya edilib. O, Türkiyənin Today Zaman qəzetinin müxbiri olub. Deportasiyaya Tvitterdə baş nazir Rəcəb Tayyip Ərdoğanın ünvanına tənqidi yazının dərci səbəb olub.