Jurnalist dövlətə xəyanət ittihamı ilə məsuliyyətə cəlb edilib

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Xebermen.com saytı

Məlumatda deyilir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirdiyi müəyyən edilib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

"O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı Polad Aslanovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib."

Polad Aslanov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş redaktorun saxlanılması və dövlətə xəyanət maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə onuin vəkili və ailə üzvləri hələ açıqlama verməyib.

Hüquq müdafizəçisi Oqtay Gülalıyev Facebook səhifəsində yazıb ki, jurnalist ölkədən çıxarkən saxlanılıb.

"Evində axtarış aparılıb, telefon və kompüteri müsadirə olunub," Gülalıyev yazıb.

Hüquq müdafiəçisi Amerikanın Səsinə bildirib ki, Polad Aslanovun qarşı irəli sürülən ittihamın əsaslı olmasına şübhə ilə yanaşır.

"Aslanov bir il idi ki, hərbi xidmətdə idi. Hərbi xidmətdəm iki ay öncə tərxis olunub. Jurnalist hərbi xidmətdən öncə də hüquq mühafizə orqanları barədə tənqidi yazıları ilə tanınırdı," Gülalıyev qeyd edib.