Məhkəmə jurnalisti islah işlərinə məhkum edib

Cəmil Məmmədli

Bu gün, martın 4-də Xaçmaz rayon Məhkəməsi hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlini Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsi üzrə 1 il 6 ay islah işlərinə məhkum edib. Məhkəmənin hökmünə görə, jurnalistin qazancının 20 fazi dövlətin nəfinə tutulacaq.

Cəmil Məmmədli Amerikanın Səsinə bildirib ki, məhkəmənin hökmü ilə razı deyil, apellyasiya şikayəti verəcək.

“Məhkəmə mənim heç bir vəsatətimi təmin etmədi. Rüşvətlə bağlı yazdıqlarımı sübut etmək üçün məhkəməyə təqdim etdiyim şahidlərin heç biri dindirilmədi. Mən düzünü yazmışam və məhkəmənin qərarı ilə heç cür razılaşmıram. Bu səbəbdən bəraət alanadək hüquq çərçivəsində mübarizə aparacam,” jurnalist deyib.

Quba rayon İcra Hakimiyyəti başçısının məhkəmədə hüquqlarını müdafiə edən vəkil Seyfəddin Əliyev Amerikanın Səsinə deyib ki, məhkəmənin hökmündən razıdırlar.

"Biz məhkəmənin hökmünü hörmətlə qəbul edirik. Razı olmayan tərəf qanunvericiliyə uyğun olaraq şikayət verə bilər," Əliyev qeyd edib.

2021-ci ilin martında Quba rayon (Bakıdan 168 kilometr şimal) İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

İcra hakimiyyəti başçısı jurnalistin Cinayət Məcəlləsinin 147-2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edib.

Cəmil Məmmədli iddianın onun “Qədim Qubanın müasir günü”, “Yolçunun fayton fırıldağı” adlı araşdırma videoları ilə bağlı olduğunu bildirir.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq Radiosunun bölgə müxbiri olub.