Jurnalistin həyat yoldaşı etiraz aksiyası keçirib

Gulmira Aslanova is protesting

Həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova aprelin 8-də Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirib. O, 1 saylı Cəzaçəkmə Müəssiəsində həyat yoldaşının döyülməsinə etiraz edib və onun təhlükəsizliyinin təmin olunmasını tələb edib.

Ötən həftə o, cəzaçəkmə müəssisəsində həyat yoldaşına baş çəkib və onun üzərində zorakılıq izlərini görüb. Məlum olub ki, Poladı kamera yoldaşı döyüb. Aslanovanın sözlərinə görə, o, həbsxana administrasiyası ilə əməkdaşlıq edir.

Aprelin 4-də də Aslanova Bakıda Penitensiar Xidmətin binası qarşısında etiraz aksiyası keçirib, həyat yoldaşının təhlükəsizliyinin təmin olunmasını tələb edib.

“Heç bir tədbir görülməyib. Bu məhbus karserə salınıb, bu gün cərimə kamerasından çıxır və yenidən Poladla eyni otağa yerləşdiriləcək. Mən həyat yoldaşımın təhlükəsizliyini və onun azadlığa buraxılmasını tələb edirəm,” Aslanova deyib və aksiya zamanı “İşgəncə vermə, azad et!” şüarı qaldırıb. Lakin polis plakatı onun əlindən alıb.

Aslanova prezidentin hüquq-mühafizə orqanlarına kuratorluq edən köməkçisi ilə görüş tələb edib. Lakin ona Prezident Administrasiyasının Vətəndaşların Qəbulu Mərkəzinə getməyi təklif ediblər və prezidentin köməkçisinin onu qəbul edəcəyini vəd ediblər.

Qadın polislər Aslanovanı Prezident Administrasiyasından uzaqlaşdırblar.

Vətəndaşların Qəbulu Mərkəzində prezidentin köməkçisi Aslanovanı qəbul etməyib.

“Məni artıq Prezident Administarasiyasının şöbəsinin əməkdaşları qəbul ediblər və bunun da nəticəsi olmayıb. Ona görə də mən imtina etdim," Aslanova deyib.

Xeberman.com saytının təsisçisi və redaktoru Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bu il fevralın 24-də Ali Məhkəmə onun həbs müddətini 13 ilə qədər azaldıb.