İordaniya İslam Dövlətinin mövqelərinə havadan zərbələr endirir

İordaniya pilotunun yaraqlılar tərəfindən vəhşicəsinə öldürülməsindən sonra kral Abdulla İslam Dövlətnə qarşı mübarizəni gücləndirəcəyinə söz verdi və bir gün sonra, bu gün İordaniyanın qırıcı təyyarələri qrupun mövqelərini hədəf almağa başladı.

Mərasimlərdə şəxsən iştirak etmək üçün kral Abdulla Vaşinqtona səfərini yarımçıq qoyaraq, vətənə qayıdıb. İordaniya rəsmiləri İslam Dövlətinə qarşı hava hücumları barədə xəbəri təsdiq edib və kral Abdullanın pilotun ailəsinə başsağlığı vermək üçün ölkənin cənubuna getdiyini bildirib.

Muat Əl-Kaseasbehin atası ilə görüşü zamanı kral Abdulla deyib ki, İordaniya torpağını, dinini və xalqını qorumaq uğrunda mübarizəni davam etdirəcək.

Muat Əl-Kaseasbehin öldürülməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanılıb və İordaniya hökuməti cavab olaraq Əl-Qaidə ilə yaxın əlaqələri olan Səcidə Əl-Rişavi və iraqlı Ziyad Əl-Karbliiki edam edib.

İordaniya hökumətinin sözçüsü İslam Dövləti ilə mübarizədə ölkəsinin koalisiya qüvvələri ilə daha yaxından əməkdaşlıq edəcəyini deyib.

Çərşənbə günü oğlunun qətlli ilə bağlı xəbərdən sonra pilotun atası beynəlxalq qüvvələrin yaraqlı qrupa qarşı mübarizəsini dəstəklədiyini bildirib.