Yazar və mədəni fəal Dərya Hüdayi Amerikanın Səsi ilə söhbətdə bu yaxınlarda ABŞ-da ingiliz dilində nəşr etdiyi “Jirtdan's Halloween - Jirtdanoween story for kids” (Cırtdanın Hellouini) adlı uşaqlar üçün hekayə kitabı haqqında danışıb.
Azərbaycanın məşhur nağıllarından olan Cırtdanı Hellouin konsepti ilə birləşdirən Dərya Hüdayi deyir ki, “kimlikləri bir-birinə qatıb və onun içindən gözəl bir şey çıxarmaq istədim.”
Əsas fikir oradan gəldi ki, necə ki, Cırtdan nağılının qorxulu bir teması vardır, Hellouində də qorxu var. Buna görə, bunları bir-birinə əlaqələndirə bildim.
O, Cırtdanouin nağılının çoxmədəniyyətli uşaqların nağılı olduğunu söyləyir.
“İstəyirdim ki, kimlikləri bir-biri ilə qatam və onun içindən gözəl bir şey çıxardam. Çünki mühacir uşaqlar ki, Azərbaycan [Respublikası] və ya İran Azərbaycanından gəlirlər buraya, burada bu kimliklərin arasında istəmirəm qalsınlar. İstəyirəm bilsinlər ki, bu kimliklərin bir-biri ilə əlaqəsi vardır və bunlar çoxmədəniyyətli və çoxdilli uşaqlardırlar,” Mayamidə yaşayan təbrizli əczaçı söyləyir.
SEE ALSO: Dərya Hüdayi: İrandan çıxandan sonra gördüm ki, ana dilinə dəyər verirlərHüdayi Cırtdan və Div nağılındakı qorxu temasına diqqət çəkərək əlavə edir, “əsas fikir oradan gəldi ki, necə ki, Cırtdan nağılının qorxulu bir teması vardır, Hellouində də qorxu var. Buna görə, bunları bir-birinə əlaqələndirə bildim. Arada biraz öz dəblərimizdən biraz da Qərb, yəni Amerikada və hətta Avropada olan dəblərdən yerləşdirdim ki, uşaqlara cəlbedici gəlsin.”
Folklor nə qədər maraqlı bir şeydir ki, internetin olmadığı, televiziyanın olmadığı bir zamanda millət arasında bu cür vahid formada bir folklor yaşayıb.
Onun fikrincə, folklor nümunələrini yeni trendlər ilə uyğunlaşdırmaq, onları uşaqlar üçün daha cəlbedici edir:
“Cırtdan nağılının özü çox şirin bir nağıldır. Təqribən hamının xatirəsi var ondan. Yəni, hərkəsin ki, bir böyük maması var idi, bu nağılı tərifləyib. Mənə çox maraqlı gəlir ki, folklor nə qədər maraqlı bir şeydir ki, internetin olmadığı, televiziyanın olmadığı bir zamanda millət arasında bu cür vahid formada bir folklor yaşayıb. Çünki, burada elədir ki, bu, media vasitəsilə aşılanır. Məsələn Disneyland bir hekayə yaradır və Mikki Mausı eşikdən millətə aşılayır. Amma Cırtdan nağlılı millətdən çıxır eşiyə.”
Dərya Hüdayi əlavə edir, “məncə folklor nə qədər tarixi baxımdan dəyərli isə, elə o qədər də bu folkloru bugünkü dünya ilə, trendlər ilə bir az uyğunlaşdırmalıyıq ki, onu daha çox tanıtdıra bilək ki, başqa etnik qruplar da bunu ala bilsinlər.”