Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri baş tutub. Ceyhun Bayramov səfər çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş keçirib.
Azərbaycan xarici işlər nazirliyinin görüşlə bağlı yaydığı mətbuat məlumatında bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı cari vəziyyət müzakirə olunub.
“Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və s. sahələr üzrə mövcud ikitərəfli əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib,” nazirlik qeyd edib.
Nazirliyin məlumatında bildirilib ki, müzakirələrdə həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və Laçın yolu ətrafındakı etirazlara əsas diqqət ayırılıb.
“Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfindən guya Azərbaycanın Laçın yolunu bağlaması, ərazilərimizdəki erməni sakinlərin “blokada”ya alınması haqqında əsassız iddiaların həqiqəti əks etdirmədiyi və bu iddiaların Laçın yolundan nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirən videogörüntülər tərəfindən təkzib edildiyi vurğulanıb,” məlumatda bildirilib.
Rusiya xarici işlər naziri Sergey Lavrov açılış nitqində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh müqaviləsi üzrə müzakirələri davam etdirmək üçün görüş keçirməyə razılaşdıqlarını, ancaq erməni həmkarlarının Moskvaya gəlməkdən imtina etdiklərini bildirib.
“[Onlar] bunu yerdə vəziyyətlə əlaqələndiriblər. Təəssüf ki, belə bir fürsət əldən verildi,” Lavrov deyib.
Ermənistan xarici işlər nazirliyi Ararat Mirzoyanın görüşdə iştirak etməməsinin səbəbini onun iş prioritetinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Laçın dəhlizinin maneəsiz fəaliyyətinin bərpası məsələlərini, “habelə Dağlıq Qarabağda humanitar böhrandan irəli gələn problemləri həll etmək” olması ilə izah edib və erməni tərəfinin Moskva görüşünün vaxtının dəyişdirilməsini xahiş etdiyini bildirib.
“Eyni zamanda bildirmək istərdik ki, Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması prosesində konstruktivliyinin əlaməti olaraq, görüşdən asılı olmayaraq, Ermənistan tərəfinin münasibətlərin normallaşdırılmasına dair sənədlə bağlı yeni təklifləri Azərbaycana təqdim olunub,” Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib.
Vaşinqtonda qərargahlanan Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə bildirib ki, o bu görüşdən hər hansı real nəticələrin çıxacağını gözləmir.
“Mənə elə gəlir ki, onların diqqət mərkəzində dəhlizin yenidən açılması olacaq, ən azından humanitar yardım və təbii qaz axınının davam etməsini təmin etmək üçün. Amma bilirsiniz, uzunmüddətli həll, Rusiya sülhməramlılarının rolunun dəyişdirilməsi və s. baxımından hər hansı işlərin aparıldığına dair heç bir əlamət görməmişəm. Bir neçə gün əvvəl Təhlükəsizlik Şurasında rusların iştirak etdiyi müzakirələrdə də mənim gözümə bir şey dəymədi,” o bildirir.
Dekabrın 20-də BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı durum müzakirə olunub. Həmin müzakirədə BMT ali rəsmisi, şuraya üzv dövlələrin nümayəndələri, eləcə də Ermənistan və Azərbaycanın təmsilçiləri çıxış ediblər.
SEE ALSO: BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı durum müzakirə olunduMüzakirəni giriş nitqi ilə açan BMT Baş katibinin köməkçisi Miroslav Yença ilk öncə tərəflər arasında indiyədək aparılmış vasitəçilik və dialoq səylərini alqışlayıb.
Diplomatik təmaslara baxmayaraq, Laçın yolunda yaranmış durumdan təəssüfünü ifadə edən Yença həm Ermənistan, həm də Azərbaycan tərəfinin BMT rəhbərliyinə məktublar ünvanladığını və bu məktublarda durumun fərqli təsvirini qeyd edib.
Ərazidə olan Rusiya sülhməramlılarına istinad edən BMT rəsmisi bəzi humanitar və tibbi ləvazimatların yoldan keçdiyini qeyd edərək ehtiyacı olan əhalinin sərbəst hərəkət etməsinin və əsas xidmətlərə çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb.
"Hər hansı yenilənən konflikt təkcə Ermənistan və Azərbaycan xalqlarına deyil, bütövlükdə Cənubi Qafqaz və ondan kənarlara da təsir göstərə bilər," Yença münaqişənin alovlanmasının yolverilməz olduğunu bildirib.
Riçard Vaytz Laçın yolundakı durumun tərəflər arasında daha geniş münaqişəyə çevrilmə ehtimalının mümkün olduğunu, ancaq qış mövsümü, İrandakı qeyri-müəyyən vəziyyət, Türkiyədə qarşıdan gələn seçkilər və Rusiyanın diqqətinin Urkaynaya yönəlməsi səbəbilə tərəflərin ehtiyatlı davarancağını ehtimal edir.
“Hər hansı potensial və ya planlaşdırılan eskalasiya əlaməti görmürəm. Amma biz son illərdən bilirik ki, döyüş hər cür səbəbdən olduqca tez bir şəkildə alovlana bilər,” o deyir.
Amerika Birləşmiş Ştatlarının Azərbaycankı keçmiş səfiri Riçard Kazlariç də Laçın yolundakı vəziyyətin münaqişənin alovlanmasına gətirib çıxara biləcəyini deyir. O, Azərbaycanda toplaşmaq azadlığının və müstəqil QHT-lərin olmadığına diqqət çəkərək, Laçın dəhlizində etiraz aksiyası keçirən insanların müstəqil QHT-lər və ya ətraf mühit fəalları deyil, ora siyasi motivlə göndərilən insanlar olduğunu bildirir.
“Bu adamlar oraya aydın siyasi motivlə göndərilmişdilər və onların, belə desək, etirazının mahiyyəti ətraf-mühit məsələlərindən Azərbaycan hökumətinin Laçın dəhlizi boyunca istəmədiyi fəaliyyətlərin qarşısını alınması üzrə Rusiya sülhməramlıların məsuliyyətinə çevrildi,” o deyir.
Riçard Kazlariç Ermənistan tərəfinin isə Rusiyanın əlinə oynadığını bildirir.
“Onlar həmişə bunu edirlər. Və beləliklə biz rusların hər şeyə nəzarət etdiyi bir vəziyyətə düşdük və biz nə sülhə, nə də Ermənistan və Azərbaycanın birbaşa həll etməli olduğu real məsələləri həll etməyə yaxınıq,” o bildirir.
Rusiyanın mövcud durumdakı rolunu şərh edən Riçard Kazlariç 2020-ci ilin noyabrında imzalanan razılaşma altında Rusiyanın sülhməramlı əməliyyatının yaranmasının səhv olduğunu bildirir.
"Hesab edirəm ki, həm Ermənistan, həm də Azərbaycan Rusiyaya daha az rol oynamaqdansa, daha çox rol oynamağına imkan verib. Və məncə, bu, regionda uzunmüddətli sülh üçün böyük səhvdir. Rusiya sülh istəmir," o deyir.
Riçard Vaytz da Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmədiyini deyir.
"Məncə, onlar gərginliyi manipulyasiya etməyi xoşlayırlar. Ona görə də münaqişəni aktiv saxlamaq istəyirlər və onu həll etmək istəmirlər. Amma düşünürəm ki, onlar indiki məqamda münaqişənin alovlanmasını da istəmirlər," o bildirir.
Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.
Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.
Ermənistan baş naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.
Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişin təmin olunduğunu bildirir.
Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.