Yaponiyada güclü zəlzələ olub

Yaponiya mediası bildirib ki, cümə günü səhər saatlarında ölkənin mərkəzi qərb sahillərində baş verən güclü zəlzələ bir nəfərin ölümünə və binaların dağılmasına səbəb olub.

ABŞ Geoloji Xidmətinin bildirdiyinə görə, 6,2 bal gücündəki zəlzələ Yaponiya vaxtı ilə saat 14:42-də İşikava əyalətinin Anamizu sahillərindən təxminən 50 kilometr aralıda və 8,7 kilometr dərinlikdə baş verib.

Bölgədəki zəlzələləri izləyən Yaponiya Meteorologiya Agentliyinin hesabatı bir qədər fərqlidir. Belə ki, hesabatda zəlzələnin episentrinin İşikava əyalətində, Noto yaxınlığında quruda olduğu və 6,3 bal gücündə, 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

Yaponiya mətbuatı yerli polisə istinadən bildirib ki, zəlzələnin episentrinə yaxın olan Suzu şəhərində zəlzələ baş verən zaman bir nəfər nərdivandan düşərək ölüb.

"Japan Times" yerli yanğınsöndürmə orqanlarına istinadən xəbər verib ki, üç ev dağılıb və azı bir nəfər dağıntılar altında qalıb.

Cümə günü keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno sunami xəbərdarlığının verilmədiyini və zəlzələnin mərkəzinə yaxın olan Şika Atom Elektrik Stansiyasında və ya digər atom elektrik stansiyalarında hər hansı xəsarət barədə məlumat verilmədiyini deyib.

Yaponiya Meteorologiya Agentliyi ilk güclü zəlzələdən sonra bir neçə kiçik zəlzələ olduğunu bildirib və növbəti həftə 6 bal gücünə yaxınlaşan digər, daha böyük zəlzələlərin də mümkün ola biləcəyi barədə xəbərdarlıq edib.