ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə Laçın dəhlizindəki vəziyyət səbəbilə Azərbaycanla Ermənistan arasında yaşanan gərginlik fonunda tərəflər arasında birbaşa dialoq perspektivi, iki ölkə arasında yaşanan gərginliyin hərbi qarşıdurmaya çevrilmə ehtimalı və xalqlararası diplomatiyanın regionda sülhə mümkün töhfələrindən danışıb.
Amerikanın Səsi: Cənab Uorlik, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə axşamı deyib ki, ABŞ Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir. Sizcə, tərəflər arasında birbaşa dialoq perspektivi nədir?
SEE ALSO: Ned Prays: Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firəvan və dinc gələcəyin təşviq edilməsinə sadiqik
Ceyms Uorlik: Birbaşa dialoq vacibdir. Ned Prays tamamilə düz deyir. Ancaq bu ehtimal getdikcə uzaq görünür. Laçın dəhlizindəki problemlər yeni gərginliklər yaradır və onlar həll olunmalıdır.
Amerikanın Səsi: Azərbaycan rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa getməsinə və oradakı fəaliyyətlərinə etirazını ifadə edib. Ermənistan tərəfi isə deyir ki, Laçın dəhlizi bağlandığına görə, bölgədə humanitar böhran yaranıb. Sizin vəziyyətə münasibətiniz nədir?
Ceyms Uorlik: Hər tərəfin üzərinə düşən öhdəliklər var. İlk növbədə Prezident Əliyev sazişi imzalayarkən Laçın dəhlizinin Ermənistandan gələn nəqliyyat üçün açıq olacağına razılıq verib. Faktiki olaraq, Dağlıq Qarabağın erməni əhalisinin həmin dəhlizdən keçməyə ehtiyacı var.
Rusiya sülhməramlılarının da öhdəliyi var. Onlar bu dəhliz boyunca hər kəsin tam və azad çıxışını təmin etmək öhdəliyini götürməlidirlər. Bu gün isə bu baş vermir. Və son olaraq, əgər ermənilər tərəfindən müəyyən fəaliyyətin aparıldığına dair şikayətlər varsa, onlara baxılmalıdır. Əgər ətraf mühitə ziyan vuran mədənçilik işləri aparılırsa, həmin fəliyyətlərin dayandırılması mühümdür ki, Laçın dəhlizini də bağlamağa bir səbəb olmasın. Mən inanıram ki, həmin dəhlizin açıq qalmasını təmin etmək tamamilə Azərbaycan və Prezident Əliyevin səlahiyyəti çərçivəsindədir. Prezident Əliyev Dağlıq Qarabağdakı etmənilərin hüquqlarını qorumağa sadiq olsa, çoxlu rəğbət qazanacaq.
Amerikanın Səsi: Ötən sentyabr ayında tərəflər arasında gərginlik hərbi qarşıdurma səviyyəsinə yüksəldi. Siz belə bir ehtimalın hələ də mövcud olduğunu düşünürsünüzmü?
Ceyms Uorlik: Gərginlik bir çox səbəbdən yarana bilər, təkcə Laçın dəhlizi deyil. Daha öncə də gördüyümüz kimi bu, Ermənistan-Azərbaycan sərhədində baş vermişdi. Bu gərginlikləri həll etmək vacibdir. Bir neçə məsələ var. Onlardan biri sərhədlərin demarkasiyasıdır. Digər biri Laçın dəhlizidir. Qaçqın və hərbi əsir məsələləri var. Təbii ehtiyatlarla bağlı məsələlər var. Davamlı bir həll üçün bu məsələlər həll olunmalıdır. Ona görə danışıqlar prosesi aparmaq vacibdir. Əks təqdirdə, gərginliyin artacağı və münaqişənin yenidən başladığını görə bilərik.
Amerikanın Səsi: Xalqlararası diplomatiya necə? Sizcə, bu yolda irəliləmək regionda sülhə töhfə verə bilərmi?
Ceyms Uorlik: Əlbəttə ki. Niyə də ki, daha çox xalqalararası diplomatiya olmasın. Bunu indi təsəvvür etmək çətindir, amma elə vaxt var idi ki, azərbaycanlılarla ermənilər yan-yana sülh, təhlükəsizlik içində yaşayırdılar. İndi bu, belə deyil. Və mən inanıram ki, onlar arasında böyük inamsızlıq və düşmənçilik var ki, onlar aradan qalıdırmalıdır.
Yeni nəsil ermənilər və azərbaycanlılar olacaq və biz onların sülh və təhlükəsizlik içində yaşamalarını istəyirik. Bunun bir yolu xalqalararası dialoqdur.