Ceyms O'Brayn: "Ümid edirik ki, tərəflərin çox yaxın zamanda sülh razılığı əldə etdiyini görəcəyik"

Ceyms O'Brayn

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Amerikanın Səsinə müsahibədə Azərbaycanla Ermənistan arasında sülh perspektivini şərh edib. O, iki ölkənin bir-biri ilə danışıq və praktiki razılıqlar əldə etməsinin çox əhəmiyyətli olduğunu bildirib. İki ölkə arasında məhbus mübadiləsini alqışlayan O’Brayn “onlar ötən həftə əsir mübadiləsini elan edib və bu həftə əsirlər artıq evlərindədir” deyib.

O’Brayn həmçinin iki ölkənin bir-birilərinə bir çox cəhətdən dəstəklərini ifadə edən birgə bəyanat yaymağının normal ikitərəfli münasibət qurmağın əsas hissəsi olduğunu bildirib.

Your browser doesn’t support HTML5

Ceyms O'Brayn: "Ümid edirik ki, tərəflərin çox yaxın zamanda sülh razılığı əldə etdiyini görəcəyik"

“Ona görə də, biz ümid edirik ki, biz tərəflərin çox yaxın zamanda sülh razılığı əldə etdiyini görəcəyik. Onların hər ikisi bunda maraqlı olduğunu deyib,” O’Brayn bildirib.

Dövlət katibinin köməkçisi həm ABŞ, həm də Aİ tərəfdşlarının Azərbaycanla Ermənistanın sülh razılığı əldə etməsinə yardım etməyə hazır olduğunu deyib. Onun fikrincə, sülhə tez bir zamanda nail olmağın böyük faydaları var.

O’Brayn ABŞ-ın Azərbaycan və Ermənistan istədiyi təqdirdə, onlar arasında yenidən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu qeyd edib.

“Biz hər iki tərəfi bir araya gəlməyə təşviq edirik və hələ ki, hər biri bu məqsədə doğru irəliləməyə hazır olduğunu deyib”, o bildirib.

Bu ilin sonunadək sülh razılığının olma ehtimalı ilə bağlı suala cavab olaraq isə Ceyms O’Brayn “Bu il vaxtımız tükənir. Biz əlimizdən gələni edəcəyik” - deyə, cavab verib.

Ceyms O’Brayn dekabrın 6-da Azərbaycanda səfərdə olub. O, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. O’Brayn "X" hesabında ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə ilk "konstruktiv" söhbət apardığını yazıb.

"Regionda davamlı, ləyaqətli sülhün bərqərar edilməsi tarixi imkanlar açacaq", o qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı dekabrın 7-si birgə bəyanat yayaraq iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına, o cümlədən hərbçilərin azad edilməsinə dair razılıq əldə olunduğunu bildiriblər.

Dekabrın 13-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhədində, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilərin mübadiləsi olub. Azərbaycan 32 Ermənistan hərbçisini, Ermənistan isə 2 Azərbaycan hərbçisini təhvil verib. Bu, son illərdə vasitəçilər olmadan hərbçilərin birbaşa mübadiləsidir.