Jalə Təbrizli: İranda artıq işçi qadınlar və ev xanımları da meydanlarda

Jalə Təbrizli deyir ki, keçmiş illərdə İranda bərabər hüquqlar uğrunda mücadilə edən qadınlar adətən ziyalı və ali təhsil alanlardan ibarət idi, amma bu gün işçi qadınlar və ev xanımlarını da mübarizənin ön sıralarında görürük.

Your browser doesn’t support HTML5

Jalə Təbrizli Amerikanın Səsinə danışır

Fransada yaşayan hüquq müdafiəçisi Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında insan haqları pozuntuları, o cümlədən qadın fəallara qarşı çıxarılan ağır hökmlər haqqında danışıb.

Basqılar nə azalalır nə də çoxalır. Sadəcə, şəraitə görə hakimiyyətin bizimlə rəftarı dəyişir.

İran Azərbaycanında türk dil haqları müdafiəçiləri və digər mədəni fəallara qarşı tətbiq olan basqılara diqqət çəkən Təbrizlinin sözlərinə görə, “basqılar nə azalır nə də çoxalır. Sadəcə, şəraitə görə hakimiyyətin bizimlə rəftarı dəyişir.”

Son vaxtlar İranın bir çox bölgəsində qadın fəallara qarşı basqıların çoxalması hüquq müdafiəçilərinin gündəmindədir.

İran Azərbaycanının müxtəlif bölgələrində də qadınlara qarşı basqıların artdığı görünməldədir.

Məryəm Şəriətmədari məcburi hicaba etiraz edir.

Təbrizdə tələbə fəal Röya Sağırinin Təbriz zindanına göndərilməsi, Zəncanda tələbə fəal Pərisa Rəfiiyə qarşı çıxarılan 7 il həbs və 74 şallaq cəzası, Urmiyədə isə türk dil haqları müdafiəçisi Ulduz Qasıminin həbsi bu basqılardan bir neçə nümunədir.

Azərbaycanda türk qadınlar neçə sahədə mübarizə aparırlar. Həm qadınlara qarşı geriçi qanunlarla mücadilə edirlər həm də türk qadını kimi türk kimliyi üçün.

Jalə Təbrizli İslam İnqilabından sonra hakimiyyətə qarşı ilk etiraz aksiyalarının qadınlar tərəfindən həyata keçirildiyinə diqqət çəkir və hakimiyyətin xüsusilə qadınların mücadiləsindən qorxduğunu vurğulayır:

“Bir zamanlar İran toplumunda intellektual və ziyalı qadınlar mücadilə edirdilər. Misal üçün vəkillər. Amma bu gün şərait elə olub ki, işçi qadınlar və ev xanımları da bu mücadilədə rol alırlar. Etiraz aksiyalarında görürük ki, bunlar birinci sıralarda durublar.”

Jalə Təbrizli

Hüquq müdafiəçisi əlavə edir, “Azərbaycanda türk qadınlar neçə sahədə mübarizə aparırlar. Həm qadınlara qarşı geriçi qanunlarla mücadilə edirlər həm də türk qadını kimi türk kimliyi üçün mübarizə aparırlar. Əlavə olaraq toplumda güclü ənənələrlə də mücadilə etməlidirlər. O, ənənələr ki, onların irəliləməsinə mane olur.”