İşgəncələrlə bağlı deyilənlər və Penitensiar Xidmətin təkzibi

Nardaran hadisələri ilə bağlı həbsdə olan bir neçə məhbusa ağır işgəncələr verilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda məhbuslara fiziki və mənəvi təzyiqlər olduğu bildirilir. Hüquq müdafiəçisi, siyasi partiya lideri və Penitensiar Xidmət yayılan məlumatlara münasibət bildirib.

Oqtay Gülalıyev: “Taleh Bağırzadəyə özünə xəsarət yetirəcək qədər işgəncə ediblər”

Oqtay Gülalıyev

Abbas Hüseynin, Taleh Bağırzadənin və Cabbar Cabbarlının taleyi sual altındadır.

Abbas Hüseynin, Taleh Bağırzadənin və Cabbar Cabbarlının taleyi sual altındadır.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

“Qobustan həbsxanasında saxlanılan Taleh Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabbarlı işgəncələrə məruz qalıb. Verilən məlumatlara görə, Taleh Bağırzadəyə özünə xəsarət yetirəcək qədər işgəncə ediblər, Cabbar Cabbarlının isə çənəsini vurub sındırıblar. Abbas Hüseyni döyə-döyə Kürdəxanı İstintaq Təcridxanasına gətiriblər. Anası bildirir ki, `Abbas Hüseynin qoluna üst-üstə 3 qandal vurdurub, ağzını, gözlərini `skoç`la bağladıb ayaqlarına da zəncir vurduraraq o qədər işgəncə ediblər ki, paltarları belə əynindən çıxıb. Onun boğazından o qədər sıxıblar ki, 15 gündən çoxdur suyu belə çətinliklə içir.` Məlum olub ki, dünəndən Abbas Hüseyni Kürdəxanı Təcridxanasından çıxararaq naməlum istiqamətə aparıblar. Ehtimal olunur ki, ona yenidən işgəncə vermək üçün`Tubzon` deyilən yerə və ya Qobustan həbsxanasına aparıblar. Ailəsi və vəkili ilə görüşünə imkan verilmir. Abbas Hüseynin, Taleh Bağırzadənin və Cabbar Cabbarlının taleyi sual altındadır.”

Bu barədə Siyasi Məhbusların Müdafiə Mərkəzinin Koordinatoru Oqtay Gülalıyev Facebook səhifəsində yazıb.

Hüquq müdafiəçisi işgəncələrə görə, Qobustan Qapalı Həbsxanasının rəisi Aftandil Ağayevi günahkar hesab edir.

Əli Kərimli: “Anti-insani əməlləri dayandırmağı qəti şəkildə tələb edirəm”

Əli Kərimli

“Aftandil Ağayevlər və onları himayə edənlər unutmasınlar ki, heç nə unudulmur və heç nə yaddan çıxmr. Xalqımıza və onun ləyaqətli övladlarına qarşı törədilən heç bir cəza və cinayət cəzasız qalmayacaq! Abbas Hüseyn və bütün siyasi məhbuslara azadlıq tələb edirik!” Gülalıyev qeyd edib.

Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli də Hacı Taledən, Abbas Hüseyndən, Cabbar Cabbarlının işgəncələrə məruz qalması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sizə kim təminat verib ki, bütün bu cinayətlərə görə hər zaman cəzasız qalacaqsınız?

Əli Kərimli, AXCP sədri

“Hacı Taledən (Taleh Bağırzadə-red.), Abbas Hüseyndən, Cabbar Cabbarlıdan əl çəkin! Onlar - `Nardaran məhbusları` erməni əsirliyində deyil axı. Bəs niyə onlarla Ermənistanın azərbaycanlı əsirlərlə davrandığı kimi davranırsınız? İnsanlığa bu qədər nifrət, kin haradandır sizdə? Bu millət sizə nə edib? Bu millətin hesabına vəzifə sahibləri olmusunuz, bu millətin sərvətlərini talan edib varlanmısınız, indi nə istəyirsiz bu millətdən? Əsir götürülmüş Abbas Hüseynin anasının dediklərindən: `Abbas Hüseynin qoluna üst-üstə 3 qandal vurdurub, ağzını, gözlərini `skoç`la bağladıb ayaqlarına da zəncir vurduraraq o qədər işgəncə ediblər ki, paltarları belə əynindən çıxıb. Onun boğazından o qədər sıxıblar ki, 15 gündən çoxdur suyu belə çətinliklə içir.` Hacı Taleyə qarşı basqılar o həddə çatıb ki, özünə xəsarət yetirib. “Nardaran məhbusları” bildiriblər ki, onlara qarşı işgəncələrə Qobustan həbsxanasının rəisi Aftandil Ağayev şəxsən rəhbərlik edir. Anlamaq çətindirmi ki, əsir götürdüyünüz, əli-qolu bağlı insanlara qarşı etdiyiniz bu qədər qəddarlıq xalqı hiddətləndirir? Etdiyiniz əməllərin birbaşa cinayət olduğunu başa düşürsünüzmü? Sizə kim təminat verib ki, bütün bu cinayətlərə görə hər zaman cəzasız qalacaqsınız? Xalqımız bu anti-insani əməlləri dayandırmağı sizdən qəti şəkildə tələb edir!”, AXCP sədri Facebook səhifəsində yazıb.

Mehman Sadıqov: “Yalan, həqiqətə uyğun olmayan məlumatları yaymağın nə mənası var?”

Mehman Sadıqov

Penitensiar Xidmət işgəncələr və qeyri insani rəftarla bağlı yayılan məlumatları təkzib edir.

Belə yalan, həqətətə uyğun olmayan məlumatları yaymağın nə mənası var?
Mehman Sadıqov, Penitensiar Xidmətin rəsmisi

“Bunlar tam yalan və həqiqətə uyğun olmayan məlumatlardır. Belə yalan, həqətətə uyğun olmayan məlumatları yaymağın nə mənası var? Hansısa istintaq hərəkəti olubsa, yerdəyişmə olubsa bunun işgəncə ilə hər hansı əlaqəsi yoxdur,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

Nardaran hadisələri

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaran ( Photo by : Parvana Bayramova)

Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseynov birinci qrupda "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.