İspaniyada bir gün ərzində son bir ayla müqayisədə koronavirusdan ən az ölüm halı qeydə alınıb

İspaniyada cümə günü son bir ayda koronavirusdan gündəlik ölüm sayında ən aşağı göstərici qeydə alınıb. Belə ki, son 24 saatda 367 nəfər həyatını itirib.

Eyni zamanda İspaniya höküməti gələn ay Avropadakı ən sərt karantin rejimlərindən birini yüngülləşdirməklə bağlı planlar hazırlayır.

Son 24 saatda qeydə alınan ölüm sayı 21 mart tarixindən bəri ən aşağı göstəricidir.

Lakin bunla belə ölkədə ümumilikdə 22.524 ölüm faktı qeydə alınıb. Bu isə ABŞ və İtaliyadan sonra dünyada koronavirusdan üçüncü ən yüksək ölüm sayıdır.

İspaniyada hazırda ümumi yoluxma halları 219,764 olsa da, sağalanların sayı yeni yoluxanların sayını da üstələyib. Belə ki, son təhlilər zamanı 2796 yoluxma və 3105 sağalma faktı qeydə alınıb.

Səhiyyə sahəsində fövqəladə vəziyyət koordinatoru Fernando Simon mətbuat konfransında: "Ümid edirik ki, tendensiya gələcəkdə də davam edəcək. Bu isə karantinin tədricən aradan qaldırıldığı zaman bizim necə davranacağımızdan asılı olacaq" deyib.