İraqda nümayişlərin dördüncü günündə ölənlərin sayı 44-ə çatdı

İraq təhlükəsizlik qüvvələri cümə günü Bağdadda işsizlik, dövlət xidmətləri və korrupsiyaya qarşı hökumət əleyhinə dördüncü gündür keçirilən nümayişlərdə etirazçılara atəş açıb.

France-Presse Agentliyinin müxbiri təhlükəsizlik qüvvələrinin havaya deyil, birbaşa etirazçılara atəş açdığını bildirib. Xəsarət alanlar haqda məlumat verilməyib.

Bundan əvvəl İraqın baş naziri Adil Əbdül-Mehdi televiziya ilə çıxışında etirazçılara müraciət edərək, onların "qanuni tələblərinin" eşidildiyini deyib və evlərinə getmələrini tövsiyə edib.

Əbdül-Mehdi baş verənlərdən təəssüf hissi keçirdiyini, təhlükəsizlik tədbirlərinin, o cümlədən müvəqqəti komendant saatının tətbiqinin məcburi seçimlər olduğunu, lakin buna udulması vacib olan "acı həb" kimi ehtiyac duyulduğunu deyib.

Çərşənbə axşamından bəri davam edən nümayişlərdə azı 44 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Nümayişlər Bağdadda və paytaxtın cənub bölgələrində keçirilir.

Polis və səhiyyə işçilərinin bildirdiyinə görə, cümə axşamı Bağdadın cənubundakl Nasiriyyə şəhərində hökumət əleyhinə nümayişlər zamanı 9 nəfər öldürülüb.


Cümə axşamı Bağdadda keçirilən nümayişləri dağıtmaq üçün təhlükəsilzik qüvvələri gözyaşardıcı qazdan istifadə edib və etirazçılara canlı güllələrlə atəş açıb. Bundan əlavə, izdihamı dağıtmağa çalışan təhlükəsilzik qüvvələri su şırnağından və rezin güllələrdən də istifadə edib.

Cümə axşamı internetin kəsildiyi barədə məlumatlar yayılıb.