İraq Belarusdakı miqrantları repatriasiya edir

İraq Belarus-Polşa sərhədində ilişib qalan təxminən 800 miqrantı repatriasiya etmək üçün təyyarə göndərib. Bu barədə İraqın Xarici İşlər Nazirliyi məlumat verib.

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf noyabrın 26-da deyib ki, növbəti 24 saat ərzində İraq Hava Yollarına məxsus iki təyyarədə 861 miqrant geri gətiriləcək.

Bununla da noyabrın 18-də başlayan əməliyyat nəticəsində, əksəriyyəti kürdlər olmaqla,xüsusi uçuşlarla Belarusdan ölkələrinə qayıdan iraqlıların sayı 1894 nəfərə çatıb.

Noyabrın 26-dakı reyslə 432 nəfər Ərbilə aparılıb, noyabrın 27-də isə Belarusa 430 nəfəri almaq üçün ikinci uçuş həyata keçirilib.

Polşa və digər Avropa İttifaqı ölkələri Belarusun avrotitar lideri Aleksandr Lukaşenkonu miqrantların Belarusa uçmalarına icazə verib, daha sonra onları ittifaqın sərhədlərinə yönəltməklə “hibrid müharibə” aparmaqda ittiham edib.

Bu arada isə Avropa İttifaqı miqrant böhranını təşkil ediyinə görə Belarusa qarşı beşinci sanksiya paketini tədqim etməyə hazırlaşır.

Polşa, Latviya və Litva sərhədlərini qorumaq üçün hasarlar inşa edib, əraziyə minlərlə sərhəd mühafizəçisi və polis yerləşdirib. Belarusla Avropa İttifaqı arasındakı qarşıdurma zamanı minlərlə miqrant şaxtalı havada sərhəddə düşərgə salıb. Yardım qruplarının məlumatlarına görə, son aylarda azı 11 miqrant həyatını itirib.

Bəzi hallarda Aİ ölkələri miqrantları Belarusa geri göndərib. İnsan haqları qrupları isə onların bu siyasətini tənqid edib.

Ölkələrinə geri dönən iraqlılar deyir ki, onlar Avropa İttifaqında yeni həyata başlamaq məqsədilə iqtisadi çətinlikdən və ya köçkün düşərgələrindəki həyatdan qaçmaq üçün minlərlə dollar pul xərcləyiblər, nəticədə isə Polşa və Belarus rəsmiləri tərəfindən pis rəftara məruz qalıblar.

Miqrantların çoxu, o cümlədən İslam Dövləti qrupunun 2014-cü ildə başlatdığı soyqırım kampaniyası nəticəsində didərgin düşən azlıqda olan yəzidilər Almaniyaya çatmaq istəyir.

Polşa bildirir ki, miqrantlardan ibarət qruplar hələ də Belarus sərhədini qanunsuz keçməyə davam edirlər. Polşa həmçinin Minskin miqrantları repatriasiya etmək kimi son addımlarını böhranın deeskalasiyası kimi qiymətləndirməmək barədə xəbərdarlıq edib.

Belarus rəsmiləri ötən həftə sərhəddə miqrantların saldıqları düşərgələri dağıdıb və təxminən 2000 nəfəri sığınacağa çevrilmiş anbara köçürüb və İraqa repatriasiya uçuşlarına icazə verib.

Bundan öncə isə Lukaşenko noyabrın 26-da böhran başlayandan bəri sərhəddə ilk dəfə ictimai çıxış edərək anbardakı miqrantlara Aİ-yə getməklə evə dönmək arasında seçimlərinin olduğunu deyib.

Belarus bəzi miqrantların ölkələrinə geri dönmələrinə icazə verməyə başlasa da, Almaniyaya 2000 nəfəri qəbul eməsi üçün təztiq göstərir. Avropa İttifaqı isə bunu rədd edib, Almaniya da razılaşmayıb.

Lukaşenko Avropa İttifaqını miqrantların daxil olmasına icazə verməməklə beynəlxalq sığınacaq qanunlarını pozmaqda ittiham edir.

Bu böhran Rusiya ilə Avropa İttifaqı arasında gərginliyi artırıb. Ötən il keçirilən seçkidən sonra müxalifəti təqib etdiyi zaman belə Lukaşenkonu dəstəkləyən Rusiya Prezidenti Vladimir Putin Aİ ilə qarşıdurmada da Belarusu dəstəkləyib.