İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib

İarnın Bakıdakı səfirliyi qarşıdına etiraz aksiyası

Martın 2-də Azərbaycanın Milliyətçi Gənclər Təşkilatının bir qrup fəalı İranın Azərbaycandakı Səfirliyinin qarşısında etiraz piketi keçirib.

Aksiya iştirakçıları İran prezidenti Həsən Ruhaninin fevralın 11-də İran İslam İnqilabının 40 illiyi ilə əlaqədar etdiyi çıxışda Azərbaycan əleyhinə söylədiyi fikirlərə, İran hökumətinin Ermənistana dəstək verməsinə, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana son səfərinə etiraz edib.

Aksiyada “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Bakı, Təbriz, Ankara – biz hara, farslar hara!”, “Qarabağ bizimdir, bizim olacaq!” və digər şüarlar səsləndirilib.

Etirazçılar İran səfirliyinin giriş qapısınadək irəliləyərək qətnamələrini oxuyub.

Biz İran siyasi hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı fəaliyyətlərini pisləyirik.
Piketin qətnaməsindən

Sənəddə deyilir: “Fevralın 11-də İran prezidenti Həsən Ruhaninin İran İslam İnqilabının 40 illliyi ilə bağlı nitqində Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına alması, fevralın 26-da isə `Xocalı soyqırımı`nı törətməkdə siyasi məsuliyyət daşıyan Ermənistan hakimiyyətinin başçısı, baş nazir Nikol Paşinyanla görüşü, Ermənistana dəstək verməsi, səfər zamanı Ermənistan baş nazirinin yerli erməni icması ilə və digər görüşlərində Azərbaycan əleyhinə açıq təxribat xarakterli çağırış və şüarlara göz yumulması və şərait yaradılması İran siyasi hakimiyyətinin Azərbaycana qarşı məkrli iddialarının olmasını açılqca göstərir. Biz İran siyasi hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı bu kimi fəaliyyətlərini pisləyirik,” qətnamədə deyilir.

Sənəddə bildirilir ki, Iran hakimiyyəti dini istismar edən, onu siasyi hakimiyyəti qorumaq və möhkəmləndirmək üçün alətə çevirən, inanclı insanları aldadan bir rejimi təmsil edir.

“Azərbaycanın güneyində soydaşlarımızı türk olduqları üçün siyasi diskriniasiyaya məruz qoyan, onların nəinki siyasi-ictimai, dil haqlarını da tanımayan mürtəce molla rejimi bu kimi rəzil siyasəti ilə rəsmi ritorikada guya İran-Azərbaycan qardaşlığı, xalqların dostluğu kimi saxta ibarələrin əslində səmimiyyətsizlik, saxtakarlıq və yalandan başqa bir şey olmadığını əyani şəkidə ortaya qoydu. Bəyan edirik ki, ölkəmizə və soydaşlarımıza qarşı məkrli iddialarınızı pisləyirik,” qətnamdə qeyd edilir.

Polis piketçiləri müşaiyət edib və aksiyanın keçirilməsinə mane olmayıb.

Bu, son bir neçə ildə İranın Azərbaycandakı səfirliyi qarşıslnda keçirilən ilk etiraz aksiyasıdır. İranın Azərbaycandakı səfirliyi qarşısında son etiraz aksiyaları Amerikanın İrana qarşı əvvəlki sanksiyaları zamanı olub.

Azərbaycanın güneyində soydaşlarımızı türk olduqları üçün siyasi diskriniasiyaya məruz qoyan, onların nəinki siyasi-ictimai, dil haqlarını da tanımayan mürtəce molla rejiminin məkrili iddialrını pisləyirik.
Piketin qətnaməsindən

Son günlər İran prezidentinin çıxışı və Ermənistan baş nazirinin İrana səfəri, Paşinyanın erməni icması ilə görüşü zamanı “Qarabağ bizimdir, vəssalam” sözləri yazılmış plakatın fonunda fotosunu yayması Azərbaycanda tənqidlərlə qarşılanıb.

Bütün bunlar isə İrana qarşı hazırki ABŞ sanksiyaları ilə eyni zamana təsadüf edir.

2018-ci il oktyabrın sonlarında Azərbaycana səfər edən ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib ki, Azərbaycan rəhəblrəri ilə görüşündə İrana qarşı tətbiq edilən sərt sanksiyalardan `Azərbaycan kimi dostların ziyan çəkməməsi` məsələlərini müzakirə edib.

SEE ALSO: Con Bolton: “Məqsədimiz İrana qarşı sanksiyaların təsirini maksimal artırmaqdır”

Con Boltonun səfərindən sonra, 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan və İranın sərhəd xidməti rəhbərləri təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələlərini müzakirə eidb.

“İran ilə Azərbaycanın yaxşı münasibətləri bəzi dairələr tərəfindən yaxşı qarşılanmır. Münasibətlərin pozulmasını istəyən və bundan öz mənafeləri üçün yararlanmağa çalışanlar da var. Lakin hər iki dövlətin münasibətləri qarşılıqlı etimada əsaslanır,” Seyid Mahmud Ələvi səfərinin yekunları ilə bağlı bildirib.

Müstəqil müşahidəçilər ABŞ-ın sərt sanksiyaları dövüründə İran-Azərbaycan münasibətlərinin liberal olmayacağını düşünür. Ekspertlər isə hesab edir ki, sərt sanksiyalar zamanında İranda yaşayan milyonlarla azərbaycanlı öz milli-mədəni hüquqları uğrunda daha sərt mübarizəyə meylli olacaq.