Qərbi Azərbaycan vilayətinin Maku (Makı) şəhərində fəaliyyət göstərən jurnalist və siyasi fəal Yavər Sultani haqda apellyasiya məhkəməsi qərar verib.
İran Azərbaycanında insan haqları müdafiəçilərindən əldə edilən məlumata görə, məhkəmə doğma şəhərində Azərbaycan milli qəhrəmanlarına heykəl ucaldılmasına çağıran Yavər Sultaniyə dörd aylıq həbs cəzası verib.
Məhkəmənin qərarına görə, ilkin məhkəmənin verdiyi 1 il həbs cəzasının üçdə ikisi təxirə salınaraq, fəala 4 ay həbs cəzası tətbiq ediləcək.
Yavər Sultaniyə məxsus Instagram səhifəsində yayılan məlumata görə, apellyasiya məhkəməsi fəal haqda qiyabi şəkildə hökm verib.
"Maku Times" adlı Instagram səhifəsinin administratoru Yavər Sultani İslam İnqilabı Qvardiyasının təhlükəsizlik qurumu tərəfindən iyulun 13-də saxlanılıb dindirildikdən sonra bir gün sonra Makı həbsxanasından 50 milyon tümənlik mülki zəmanət müqabilində müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Daha sonra Yavər Sultani ilə birlikdə mühakimə edilən və eyni şəkildə bir il həbs cəzasına məhkum edilən digər fəal Fərid Məhəmmədnejad isə apellyasiya məhkəməsinin qərarı ilə 4 ay həbs cəzasına məhkum edilib.
SEE ALSO: Yavər Sultani 1 il həbsə məhkum edilibMakılı fəallar orta əsrlər dövrünün şairi Əbülqasim Firdovsinin heykəlinin şəhərin Həftə meydanından qaldırılması və əvəzində Azərbaycan qəhrəmanlarının heykəllərinin yerləşdirilməsini tələb etməsi səbəbi ilə bir il həbsə məhkum edilmişdilər.
Makının 2-ci Cinayət Məhkəməsinin 101-ci şöbəsi onları İslam Cəza Qanununun 512-ci maddəsinə istinad edərək, “ölkənin təhlükəsizliyini pozmaq” niyyəti ilə insanları “iğtişaşa və öldürməyə təhrik etmək” ittihamı ilə günahlandırmışdı.