İrandan Türkiyəyə uçan təyyarədəki 132 nəfər karantinə alınıb

Türk Hava Yollarının Tehrandan gələn təyyarəsindəki bütün 132 sərnişin və ekipaj üzvləri 14 gün müddətində karantinə alınacaq və mümkün koronavirus infeksiyasından yoxlanılmaq üçün Ankaradakı bir xəstəxanada yerləşdiriləcək. Bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca məlumat verib.

Bəyanatda həftəsonu rəsmi Ankaranın İranla sərhədi bağlamasından sonra Tehrandan uçan təyyarədə Türkiyə vətəndaşlarının olduğu bildirilir.

Aviasiyadan olan mənbə əvvəllər uçuşun dünyanın ən böyük hava limanlarından biri olan İstanbul aeroportuna eniş etdməli olduğunu, ancaq Ankaraya istiqamətləndirildiyini bildirib. Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib.

“İrandan ölkəmizə qayıtmaq istəyən Türkiyə vətəndaşları üçün xüsusi bir reys təşkil olunub. Bu uçuşla İrandan ölkəmizə gələn Türkiyə vətəndaşları 14 gün karantində saxlanılacaq" - deyə, Fəxrəddin Qoca qeyd edib.

Çərşənbə axşamı İranda koronavirus nəticəsində ölənlərin sayı 16-ya çatıb. Türkiyənin CNN Türk telekanalının yaydığı məlumata görə, əvvəllər 17 sərnişin, o cümlədən İranın Qum bölgəsindən olan 12 nəfərin virusa yoluxmasından şübhələnilir.

Türkiyənin Demirören xəbər agentliyi Ankaraya enəndən sonra təyyarənin yanında gözləyən təcili yardım maşınlarını, ağ qoruyucu geyimli bir neçə nəfərin görüntülərini yayımlayıb.

Türk Hava Yolları çərşənbə axşamı günü Tehran istisna olmaqla, İran şəhərlərinə uçuşların ləğvini martın 10-dək uzadıb.

Bazar ertəsi aviaşirkət Məşhəd, İsfahan, Təbriz və Şiraz şəhərlərinə uçuşları dayandırdığını bildirib. Tehran uçuşlarının sayının gündə ikiyə endirildiyi də açıqlanıb.