İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən az 200 vətəndaşın nəzarət altına alındığı bildirilir.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, saxlanılanların hamısı mitinqlərdə tutulmayıb. Onlarla türk fəal evləri və ya iş yerlərində nəzarət altına alınıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi tutulanlardan 56 nəfərin adlarını dəqiqləşdirdiyini bildirib.
SEE ALSO: İran polisi Ərdəbildə Qarabağa dəstək mitinqini sərt şəkildə dağıdıb“Azərbaycan vilayətlərinin müxtəlif şəhərləri və İranın digər türk bölgələrində davam edən etiraz aksiyaları ilə əlaqədar çoxsayda vətəndaş həbs edilib. HRA indiyə qədər, Ərdəbil, Təbriz, Urmiyə, Zəncan, Meşginşəhr, Muğan, Hadişəhr, Culfa və Kəleybər şəhərlərində nəzarət altına alınan 56 nəfərin adını dəqiqləşdirib,” agentliyin saytında dərc edilib.
Həmçinin Günaz TV, Az News TV və Öyrənci kimi İran Azərbaycanı ilə əlaqədar məlumat yayan veb səhifələri Marağa, Xoy, Sulduz və Tehranda tutulan milli fəallarla bağlı məlumat yayıblar.
Amnesty International aksiyaların ilk günündə Ərdəbildə nəzarət altına alınan 20 türk fəal, o cümlədən Əsgər Əkbərzadə, Murtaza Pərvin, Mustafa Pərvin, Məhəmməd Colani, Meysəm Colani və Əli Xeyrcunun vəziyyəti ilə bağlı narahat olduğunu bildirib.
İran rəsmiləri sentyabrın 29-dan bəri başlanan həbslər ilə əlaqədar açıqlama verməyib. Lakin, yarı-rəsmi “Fars” agentliyi mitinqlərdə “entnosentrist şüarlar səsləndirən” bəzi vətəndaşların saxlanıldığına dair məlumat yayıb.
Həmçinin Şərqi Azərbaycan valisinin müavini Əliyar Rastgu Qarabağa dəstək mitinqlərinə işarə edərək deyib ki, “açıqdır ki, İranın xarici siyasəti və Qarabağ məsələsi ilə bağlı hər hansı rəsmi mövqenin açıqlanması ölkənin diplomatik qurumunun səlahiyyətindədir.”