İranda türk fəallar İran dərsliklərinə etiraz olaraq Türkcə kitabçalar paylaşıb

Türkcə kitabçanın üz qabığı

İranda türk fəallar “Dirçələn Umudlar” adlı kampaniya başladaraq türkcə dəftər çap edib türk dilli bölgələrdə uşaqlar arasında paylanıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Qaşqaylı fəallar təşəbbüsü ilə başladılan “Dirçələn Umudlar” kampaniyası müxtəlif yollarla xalqdan topladıqları ianələr ilə türk dilinin əlifbasını latın və ərəb hərfləri ilə öyrədən dəftər çap edərək, Qaşqay, Azərbaycan və Türkmənsəhra bölgələrində uşaqlar arasında paylaşıb.

Türkcə dəftər

Kitabçanın hazırlanması İranda türk fəalların İranda yeni çap olunmuş dərslik kitablarında qızların təsvirinin qaldırılması və türklərin geyimlərini rəmzi olaraq göstərən bir simvolun olmamasına etiraz kimi dəyərləndirilir.

Təxminən 2 min nüsxədə çap olan kitabçanın üz qabığında Azərbaycan, Qaşqay və Türkmən milli geyimində ağac ətrafında oynayan uşaqlar təsvir edilir. Bu il çap olan İranın rəsmi məktəb dərslik kitablarında qızların şəkilləri qaldırılmış və ölkənin etniklərinin, o cümlədən, Ərəb, Bəluç, Kürd, Lor, Fars və Gilək etnikləri arasında türkləri təmsil edən hər hansı bir simvolun olmaması İranda türk fəalların təpkisinə səbəb olmuşdu.

Qızların şəkillərinin qaldırılmasından sonra məsələ bir çox mediada öz əksini tapdı. İranın Təhsil Nazirliyi bu barədə açıqlama vermək məcburiyyətində qaldı. Təhsil Nazirliyi "əvvəlki şəkil çox izdihamlı idi" deyərək, yeni üz qabığının daha az təsvirlə dizayn edildiyini bildirmişdi.

İranda yeni çap olunmuş dəsrsliklərin üz qabığında qızların təsviri götürülüb

İranda türk etnikinin rəsmi dərslik kitablarının üz qabığında təmsil olmamaları İran medialarında əks olmamasına baxmayaraq, türk fəallar “Dirçələn Umudlar” kampaniyası çərçivəsində ona etiraz ediblər. İran Azərbaycanında yaşayan İbrahim Savalan öz İnstagram səhifəsində kitabçanın cildinin şəkilini paylaşaraq yazıb ki, “Bu dəftərin səhifə başlıqlarında türk dilində latın və ərəb əlifbasında misallar yazılıb ki, Tehranın çatlamış qalası qadınların və dilin silinə bilməyəcəyini bilsin.”

Keçən il Şərqi Azərbaycan vilayətinin valisi türkcə dərslik kitablarının nəşr ediləcəyi ilə bağlı vədlər versə də, bu vədlər yerinə yetirilmədi. Buna baxmayaraq, İranın təhsil nazirliyinin uşaqlardan “farsca yetərlilik testi”-nin alınacağı haqda verdiyi açıqlamar İran Azərbaycanında etirazlara səbəb olmuşdu.