İranda Qarabağa dəstək mitinqlərində həbslərə etiraz olaraq Ərdəbil divarlarında şüarlar yazılıb

İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan milli fəallar İran Azərbaycanında və habelə İranın digər Türk dilli bölgələrində keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar həbs edilən milli fəalların azadlığı üçün bu şəhərin divarlarında şüarlar yazıblar.

Güneyli fəalların dünən, oktyabrın 26-da Ərdəbil şəhərində milli fəalların qanunsuz həbs edilməsinə etiraz olaraq yazdığı şüarlar arasında "Azərbaycanlı sənətçilər və siyası fəalları azad buraxın", "Qarabağa dəstək olan fəalları azad buraxın" kimi şüarlar var.

Sentyabrın 28-də Azərbaycan ordusuna dəstək olmaq üçün və həmçinin İran-Ermənistan sərhəd keçid bölgəsinin qapadılmasını tələb etmək məqsədi ilə Ərdəbilin Ciral parkında keçirilən mitinqdə bir çox sayda milli fəal həbs edilib və ağır işgəncələrə məruz qalıblar.

Son zamanlarda Ərdəbildən sonra İran Azərbaycanının fərqli şəhərlərində və həmçinin İranın digər türkdilli bölgələrində eyni məqsədlə keçirilən mitinqlər İran hökuməti tərəfindən sərt bir şəkildə dağıdılıb və çox sayda milli fəal və vətəndaş həbs edilib.

Ərdəbildə həbs olunan milli fəallar Əsgər Əkbərzadə, Əli Xeyrcu, Bəhmən Xeyrcu, Müctaba Pərvin, Murtuza Pərvin, Mustafa Pərvin, Meysəm Colani ilə Mehdi Huşmənd məhkəmə tərəfindən onların azaldığı üçün təyin olunan 500 milyon tümənlik zəmanətə baxmayaraq, hələ də Ərdəbil-Səreyin arasında yerləşən Şam Əsbi bölgəsindəki həsxanada saxlanılırlar.

Amnesty İnternational İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeydsiz-şərtsiz azad edilmələrini istəyib.