İranda daha iki nəfərin koronavirusdan ölməsi ilə virus nəticəsində ölənlərin sayı 16-ya çatıb. İranlılar hakimiyyətin virusun yayılmasının miqyasına ciddi yanaşmamasından narahatdır.
2019-cu ilin sonlarında Çində yaranan koronavirusdan Çinin xaricində ən çox ölüm halı İrandadır. Koronavirusa yoluxanlardan biri də İranın Səhiyyə Nazirinin müavini İrac Hərirçidir.
Hərirçi özü yayımladığı video mesajda virusa yoluxduğunu və evində karantində olduğunu söyləyib. O, İran hakimiyyətinin virusu nəzarət altına alacağına söz verib.
“Daha 35 nəfərin koronavirusa yoluxması halı təsdiqlənib və iki nəfər də infeksiyadan ölüb" - deyə, Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur bildirib. Onun sözlərinə görə, indiyə qədər İranda ən az 95 nəfər virusa yoluxub.
Cahanpur ölənlərin sayının 15-ə çatdığını bildirib, lakin sonradan İran dövlət xəbər agentliyi virusa yoluxmuş daha bir nəfərin Saveh şəhərində öldüyünü açıqlayıb. Bəzi agentliklər ölənlərin sayının daha yüksək olduğunu bildirir. Lakin bu xəbərlər təsdiqlənməyib.