İranda həbsdə olan milli fəalların səhhəti ilə bağlı narahatlıqlar artır

İranın müxtəlif həbsxanalarında koronavirusa yoluxmalar barədə xəbərlərin yayılması ilə bərabər, türk fəallar və hüquq müdafiəçiləri Tehran və İran Azərbaycanında həbsdə olan fəalların səhhəti ilə bağlı narahat olduqlarını bildirirlər.

Ötən həftələrdə koronavirusun İran həbsxanalarında yayılmasını önləmək məqsədilə ölkənin müxtəlif vilayətlərində minlərlə məhbus məzuniyyətə göndərilib.

Həmin istiqamətdə İran Azərbaycanı və Tehranda bir neçə türk fəal müvəqqəti azadlığa buraxılsa da, Abbas Lisani, Lətif Həsəni, Tovhid Əmir-Əmini və Məhəmməd Əbdülməhəmmədzadə kimi fəallara məzuniyyət haqqı hələ verilməyib.

“Azərbaycan İnsan Haqları Cəmiyyəti” (Ərk) Ərdəbil həbsxanasında bəzi məhbusların koronavirusa yoluxduğuna dair məlumat yayıb.

Cəmiyyətin bildirdiyinə görə, koronavirus simptomları olan təqribən səkkiz məhbus bu günlərdə Ərdəbil həbsxanasının klinikasına göndəriliblər.

SEE ALSO: Əlirza Fərşi müvəqqəti azadlığa buraxıldı

“Həbsxananın 1-ci və 6-cı bölmələrində təqribən səkkiz məhbus koronavirus simptomları göründüyü üçün klinikaya göndəriliblər. İkisinin ağır durumda olduğuna baxmayaraq, kilinakada iynə vurub və ağırkəsici verdikdən sonra, onları həbsxanaya qaytarıblar,” deyə “Ərk” bildirib.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) xəbərinə görə, Ərk cəmiyyəti beynəlxalq insan haqları qurumlarına müraciət edərək, həbsdə olan milli fəalların durumuna diqqət yetirilməsini tələb edib.

Keçən mart ayında Təbriz həbsxanası daxil olmaqla İranın müxtəlif həbsxanalarda koronavirus pandemiyası səbəbilə üsyanlar baş verib.