İran və Rusiya çərşənbə axşamı 2015-ci il nüvə sazişi ilə bağlı danışıqlarla bağlı nikbinlik ifadə edib. Tehran tərəflərin "xeyirxah niyyət" nümayiş etdirdiyi təqdirdə razılaşmanın mümkün olacağını deyib. Rusiyalı müzakirəçi isə "danılmaz irəliləyiş" olduğunu bildirib.
İran və Birləşmiş Ştatlar bazar ertəsi Vyanada vasitəçilərlə keçirilən danışıqları bərpa edib. Tənqidçilərin İranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasında az irəliləyişə nail olduğunu hesab etməsinə baxmayaraq, Tehran danışıqlarda əsas diqqəti ilkin razılaşmanın bir tərəfinə - ona qarşı sanksiyaların ləğvinə yönəldib.
"Vyana danışıqları yaxşı istiqamətdə gedir. İnanırıq ki, digər tərəflər xoş niyyətlə başlayan danışıqların raundunu davam etdirsələr danışıqlarda bütün tərəflər üçün razılığın əldə edilməsi mümkündür" - deyə, İranın xarici işlər naziri Hüseyin Əmirabdollahian jurnalistlərə açıqlamasında bildirib.
“Biz təkzibedilməz irəliləyiş müşahidə edirik. Danışıqlarda sanksiyaların ləğvi qeyri-rəsmi şəraitdə fəal müzakirə olunur” - deyə, Rusiya səfiri Mixail Ulyanov tvitter səhifəsində yazıb.
Danışıqların yeddinci raundu İranın bəzi yeni tələblərinin işçi mətninə əlavə edilməsi ilə 11 gün əvvəl başa çatıb.
Qərb dövlətlərinin bildirdiyinə görə, iyun ayında İranda sərt xətt tərəfdarı prezidenti İbrahim Rəisinin seçilməsindən bəri ilk dəfə davam etdirilən danışıqlardan sonra müzakirələrdə nəzərə çarpacaq irəliləyiş əldə olunmayıb.
ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ildə Tehranın nüvə fəaliyyətlərinə qoyulan məhdudiyyətlər müqabilində İrana qarşı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan razılaşmadan çıxaraq, yenidən İslam Repsublikasına qarşı sanksiyalar tətbiq etdi. Bundan sonra İran razılaşmanın bir sıra şərtlərini pozaraq, məhdudiyyətlərin hüdudlarından xeyri kənara çıxdı.