İran Cənubi Koreya gəmisini sərbəst buraxıb

İran bir neçə ay əvvəl ələ keçirilimiş Cənubi Koreya tankerini aprelin 9-da sərbəst buraxıb. Bu addım Tehranın dünya gücləri ilə davam edəcək nüvə danışıqlarından bir neçə saat əvvəl atılıb.

MarineTraffic.com saytının məlumatları göstərir ki, MT Hankuk Chemi gəmisi səhər saatlarında Bəndər Abbas limanını tərk edib.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi gəmi və onun kapitanının sərbəst buraxıldığını təsdiqləyib. Nazirlik Hankuk Chemi-nin inzibati prosesi tamamladıqdan sonra yerli vaxtla səhər saat 6 radələrində İrandakı limanından yolda düşdüyünü bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də İranın gəmini sərbəst buraxdığını təsdiqləyib.

"Gəmi sahibi və Koreya hökumətinin istəyi ilə tankerin sərbəst buraxılması əmri prokuror tərəfindən verilib" - deyə, Xətibzadəyə istinadən IRNA xəbər agentliyi bildirib.

Lakin gəminin sahibi Cənubi Koreyanın Busan şəhərindəki DM Shipping Co. Ltd.- dən şərh almaq mümkün olmayıb.

Hankuk Chemi yanvar ayında Səudiyyə Ərəbistanın Cübail şəhərindəki bir neft-kimya müəssisəsindən Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərinə gedərkən İranın silahlı İnqilab Keşikçiləri qoşunları tərəfindən ələ keçirilərək istiqaməti İrana doğru dəyişdirilib.

İran Hankuk Chemi-ni Hörmüz boğazındakı suyu çirkləndirməkdə günahlandırırdı. Lakin gəmiyə hücum Amerikanın İrana qarşı ciddi sanksiyaları fonunda Cənubi Koreya banklarında dondurulan milyardlarla dollarlıq İran aktivlərini sərbəst buraxmaq üçün Seula təzyiq cəhdi kimi qəbul edilib.

İran fevral ayında 20 nəfərlik heyəti sərbəst buraxsa da, Cənubi Koreyadan dondurulmuş İran aktivlərinin kilidini açmasını tələb edərək gəmi və kapitanını saxlamağa davam edirdi.