İran Azərbaycanından yeni həbs və mühakimə xəbərləri

Nəsim Sadıqi və Yusuf Kari

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi türk fəal Yusuf Karinin Ərdəbildə nəzarət altına alınması və Nəsim Sadıqinin Təbrizdə mühakiməsi haqqında məlumat yayıb.

HRA-nın bildirdiyinə görə, İranın təhlükəsizlik qüvvələri sentyabrın 3-də milli fəal Yusuf Karini Ərdəbil şəhərinin Şəriəti meydanında saxlayıblar.

Amerikanın Səsinin Ərdəbildə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Kari daha əvvəl də nəzarət altına alınıb. O həmçinin 2018-ci ilin avqust ayında türk fəalların Savalan dağında təşkil etdiyi mərasimə qatıldığı zaman saxlanılmışdı.

Siyasi fəal Nəsim Sadıqinin məhkəmə iclasi da sentyabrın 3-də keçirilib. O, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöhbəsində mühakimə olunub.

Nəsim Sadıqi keçən ilin oktyabr ayında saxlanıldıqdan sonra İnqilab Keşikçiləri Korpusunun (Sepah) təhlükəsizlik bölməsində nəzarət altında saxlanılırdı. O təxminən 40 gündən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Sadıqi prokurorluq tərəfindən “internetdə yalan məlumat yayma”, “İran əleyhdarı olan cəmiyyətlərə üzvlük” və “rejimə qarşı təbliğat” fəaliyyəti göstərməkdə günahlandırılıb, amma məhkəmə daha sonra ilk iki ittihamla bağlı icraata xitam verilməsinə dair qərar qəbul edib. Onun mühakimə prosesinin “rejimə qarşı təbliğat” ittihamı ilə davam etdiyi bildirilir.