İran Azərbaycanında pandemiya ilə bağlı son durum

Təbrizdə koronavirusa yoluxan xəstələrin müalicə olunduğu xəstəxananın müdiri doktor Məsud Fəqih Dinvəri Şərqi Azərbaycan vilayətində "koronavirus pandemiyası ilə bağlı vəziyyətin kövrək" olduğunu bildirib.

Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Dinvəri yenidən bərpa olunan pandemiya məhdudiyyətləri nəticəsində xəstəxanada yatırılan xəstələrin sayında 50 faiz azalmanın müşahidə edildiyini, xəstə sayının azalma nəticəsində isə xəstəxananın fərqli bəzi bölmələrinin normal fəaliyyətə geri döndüklərini bildirib.

O deyib ki, xalq tərəfindən sağlamlıq protokollarına riayət etmək nəticəsində "vəziyyət bir qədər" yaxşılaşıb. Doktor Dinvəri xəbərdarlıq edib ki, "protokollara riayət olunması davam etməlidir, əks halda bir daha təhlükəli vəziyyət geri qayıdacaq".

Şərqi Azərbaycanın Yoluxucu Xəstəliklər Qrupunun direktoru doktor Simin Xəyyat İran Səhiyyə Nazirliyi tərəfindən təyin edilən kateqoriyaya əsaslanaraq, Şərqi Azərbaycan vilayətinin heç bir şəhərinin ən yüksək təhlükə səviyyəsinə daxil olmadığını, yalnız bəzi şəhərlərin kateqoriyaya görə ikinci təhlükə səviyyəsi olan narıncı bölümdə yer aldığını bildirib.

İranda COVİD-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırımızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür.

Doktor Xəyyat məhdudiyyətlərin yenidən bərpa edildiyindən bir öncəki gün vilayət xəstəxanalarının tutumunun yüz faiz dolu olduğunu bildirib.

Təbriz Tibb elmləri Universitetinin Səhiyyə şöbəsinin müavini Abbasəli Dorosti pandemiya zamanı ən yüksək yoluxma hallarının baş verən günlərdə hər gün vilayətin xəstəxanalarında 1500 xəstə qəbul edildiyini, ancaq bu rəqəmlərin bir gün ərzində 600 və 700 nəfərə qədər azaldığını qeyd edib.

İran Azərbaycanının digər vilayəti olan Qərbi Azərbaycanda da vətəndaşların sağlamlıq protokollarına riayət etməsi nəticəsində yoluxma hallarının sayı azaldığı bildirilir.

Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri Universiteti direktoru doktor Cavad Ağazadənin dekabrın 25-də vilayətdə son durumla bağlı verdiyi məlumata görə, bir gün ərzində yoluxanlar arasında həyatını itirən olmayıb. “Neçə ay sonra bu gün koronaya yoluxanlardan kimsə həyatını itirməyib, halbuki pandemiyanın ən yüksək günlərində bəzən 24 saat ərzində təxminən 40 nəfər həyatını itirirdi, ancaq son 10 gün ərzində yoluxan və həyatını itirənlərin sası düşməkdədir” – deyə, o bildirib.

Qərbi Azərbaycanda son sutkada 247 nəfər virusa yoluxub. Onlardan 60 nəfəri xəstəxanaya yerləşdirilərək, müalicə edilməyə başlayıb. Pandemiya başlayandan bəri vilayətdə virusa yoluxan vətəndaşlardan 3298 nəfər həyatını itirib.

Qərbi Azərbaycan rəsmilərinin verdiyi məlumata əsasən, vilayətdə ümumi olaraq pandemiya məhdudiyyətləri bütün şəhərlərdə daha bir həftə davam edəcək.

Ərdəbil Tibb Elmləri Universiteti tərəfindən dekabrın 24-də verilən statistikaya əsasən, son sutkada 26 nəfər virusa yoluxub və 5 nəfər həyatını itirib. Verilən məlumatlara görə son həftələrdə hər gün ortalama 100 nəfərdən çox virusa yoluxub, 10 nəfərdən çox insan isə həyatını itiririb, ancaq günlük yoluxma və ölüm hallarının sayı son günlərdə düşüb.

Ərdəbil vilayətində pandemiyanın başlamasından bəri bir gün ərzində ölüm hallarında ən yüksək göstərici 23 nəfər olub, ölənlərin ümumi sayı isə 1265 nəfər olaraq qeydiyyata alınıb.

Zəncan Tibb Elmləri Universitetinin direktorunun dekabrın 24-də verdiyi son məlumatda pandemiyanın başlamasından bəri rəsmi laboratoriya testlərinin nəticələrinə görə vilayət ümumilikdə 41 589 nəfər virusa yoluxub və 1081 nəfər həyatını itirib. Direktorun verdiyi məlumata əsasən, son sutkada 71 nəfər virusa yoluxub və 4 nəfər həyatını itirib. Hal-hazırda vilayət xəstəxanalarında 249 nəfər müalicə edilməkdədir.