İran hökümətinin benzinin qiymətini 3 dəfə artırmasının ardınca İranın müxtəlif bölgələri və şəhərləri ilə yanaşı İran Azərbaycanının şəhərlərində də etiraz aksiyaları keçirilib.
Təbriz, Ərdəbil, Tehran, Kərəc, Şiraz, İsfahan, Ərak və Əhvaz kimi böyük şəhərlərdə etirazçıların öz maşınlarını yollarda saxlaması əsas yolların bağlanmasına səbəb olub. İran Azərbaycanı ilə bağlı xəbərlər yayımlayan Araz News saytı etirazçıların Təbrizdə Pasdaran şosse yolunda toplaşaraq, hökümətə qarşı şüarlar səsləndirdiyi haqda məlumat verib. "Ruhani vədələrin bəs hanı?", "Azərbaycan yatmayıb, öz elini atmayıb" kimi şüarların xalq tərəfindən səsləndirildiyi haqda məlumat yayılıb.
İranın xüsusi təyinatlı qüvvələrinin etirazçilara hücum etməsi nəticəsində etirazçılar və polis arasında qarşıdurma yaranıb. Rəsmi məlumatlara görə, etirazlar nəticəsində 3 nəfər, qeyri rəsmi mənbələrə əsasən isə onlarla insan toqquşmalar nəticəsində həyatını itirib.
ABŞ Dövlət katibi Mayk Pompeo öz Twitter hesabından fars dilində yazdığı mesajında Amerikanın İran xalqına dəstək verdiyini bildirib. "40 il davam edən zülmdən sonra qürurlu İran xalqı hökumətinin davranışına artıq susmur. Biz də susmayacağıq. İran xalqına bir mesajım var: ABŞ sizin səsinizi eşidir. ABŞ sizi dəstəkləyir. Amerika Birləşmiş Ştatları sizinlədir."
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi İranda benzin qiymətlərinin artırılması barədə qərarı dəstəklədiyini bildirib və təhlükəsizlik qüvvələrini vəzifələrini yerinə yetirməyə çağırıb. İran xəbər agentliklərinin verdiyi məlumata görə, parlament ali dini rəhbərin bu qərara dəstək verməsindən sonra benzinin bahalaşması haqda qərarın nəzərdən keçirilməsindən imtina edib.
İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, küçələrdə etirazçılarla tolerant şəkildə davranılmayacaq. O deyib ki, "indiyə qədər etirazçılara dözümlülük göstərilib, lazımi göstərişlər verilib və biz bu etirazların sona çatacağını gözlədik, lakin az sayda neçə nəfər bu ümumi atmosferdən su istifadə edərək, xalq arasında qorxu, rahatsızlıq və narazılığın yaranmasına səbəb olub”.
Your browser doesn’t support HTML5
İran Azərbaycanının şəhərlərində Təbriz ilə yanaşı Urmiyədə də bələdiyyə binasının qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar "Təbriz-Zəncan-Ərdəbil, bu səs Urmudan gəlir" və "Azərbaycan yatmayıb, öz millətin satmayıb" kimi şüarlar səsləndiriblər. Qərbi Azərbaycan vilayətinin digər şəhərlərindən olan Qoşaçayda (Miyandoab) etirazlar zamanı insanların “Azərbaycan milləti çəkənməz bu zilləti" şüarını səslədirdiyi bildirilir.
Etirazların genişlənməsi ilə yanaşı Mobil operatorları internet xidmətini dayandırıb. İSNA xəbər agenliyi bu haqda yazır ki, "İnformasiya Texnologiyaları Nazirliyində olan bir vəzifəli şəxs İnternetə giriş məhdudiyyətinin Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyini söyləyib". Adı açıqlanmayan bu rəsmi həmçinin bildirib ki, 24 saat müddətinə operatorlara internet xidmətinin kəsilməsi əmri verilib. İLNA xəbər agentliyi isə bir "məlumatlı mənbəyə" istinadən, İnternetin yavaşıması və kəsilməsinin səbəbinin "təhlükəsizlik problemləri" ilə əlaqədar olduğu haqda məlumat verib.
İSNA xəbər agentliyinin sosial şəbəkədə yerləşdirdiyi xəbərə əsasən, Təbriz Universitetinin bir qrup tələbəsi "iqtisadi və dolanışıq problemlərinə etiraz etmək üçün" mitinq keçirib.